“Milli ideya millətin passionar enerji mənbəyidir”

milli-ideya-milletin-passionar-enerji-menbeyidir
Oxunma sayı: 2675

Xalqı ayaq üstə saxlayan, daşıdığı dəyərləri üzərindən inkişafına təkan verən, yolunu, gələcəyini müəyyənləşdirən, birliyini, həmrəyliyini təmin edən, mücadilə əzmini artıran onun milli ideyaları, vahid hədəfləridir. Milli ideya və yaxud ideyalar, vahid hədəflər olmadan millətin, xalqın ayrı-ayrı fərdlərinin sözdə, fikirdə və işdə, əməldə birliyini təmin etmək, bu birliyi qalıcı, qurucu, yaradıcı potensiala çevirmək mümkün deyil. Milli ideya millətin passionar enerji mənbəyidir, onu öz hədəflərinə çatmaq üçün yorulmadan, usanmadan, əzmlə mücadilə aparmağa sövq edən, daxildən hərəkətə gətirən kinetik enerjidir. Bu baxımdan milli ideya, yaxud ideyalar tarixi, etnomədəni və etnososial mənşəyi olan fundamental əsaslara söykənməli, xalqın, millətin öz içindən, dünyagörüşündən, gələcəyə baxış fəlsəfəsindən doğmalıdır. Eynilə bizi böyük Zəfərə doğru aparan milli ideya kimi... 

Dövlət müstəqilliyimizin bərpasından sonra milli ideyamızın əsas qayəsi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi ilə bağlı olub. Məhz bu amal 30 ilə yaxın zaman kəsiyində düşüncəmizə hakim kəsilib, xalq, millət olaraq bütün enerjimizin, potensialımızın, resurslarımızın bu hədəfə çatmaq üçün toparlanmasına, istiqamətlənməsinə zəmin yaradıb. Bu illər ərzində dövlət və xalq olaraq həyatımızın ritmi, yaşam fəlsəfəmiz, gündəlik fəaliyyətimizin, hətta yaşamaq uğrunda mücadiləmizin əsasını belə ərazi bütövlüyümüzün təmin olunması təşkil edib. Torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində təkcə ərazi baxımından deyil, fərd, xalq, millət olaraq da yarımçıq olmuşuq. Mücadiləmizin leytmotivi ərazi bütövlüyümüzə və həm də fərd, millət, xalq olaraq bütövlüyümüzə nail olmaqdan, milli qürurumuzu dirçəltməkdən, ləyaqətli bir toplumun, etnosun təmsilçiləri kimi gələcəyə alnıaçıq, üzüağ addımlamaqdan ibarət olub. Milli birliyimiz, hədəflərimizin aydınlığı və bizi bu hədəfə doğru aparan strateji zəka sahiblərinin uzaqgörənliyi, qətiyyəti, milli iradəni ifadə etmək bacarığı, ordumuzun gücü, şəhidlərimizin müqəddəs qanı, əsgər və zabitlərimizin sonsuz vətən sevgisi və rəşadəti sayəsində müstəqil dövlətçilik tariximizin milli ideyasının tam şəkildə gerçəkləşməsinə nail olmuşuq. 

İndi qarşımızda yeni və kifayət qədər böyük enerji, güc, zəka tələb edən, çağdaş dünyanın amansız yaşam və rəqabət şərtləri altında çatmalı olduğumuz hədəflər var və bu hədəflərə doğru milli birlik, həmrəylik çətiri altında irəliləməyimiz üçün də vahid milli ideyamızı, həmçinin, müxtəlif sahələr üzrə inkişafımızı təmin edəcək milli ideyalarımızı müəyyənləşdirməli, cilalamalı və irəliyə doğru sapmadan, bütöv milli ruh və orqanizm olaraq hərəkət etməliyik. 

Bu səbəbdən, Prezident İlham Əliyevin Azərbaycan telekanallarına son müsahibəsində gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız haqqında səsləndirdiyi fikirlər - siyasətçilər, politoloqlar, elm adamları və ziyalıları bu mühüm istiqamətlə bağlı fikir mübadiləsinə çağırmasının özü belə sabahımızın ideoloji qayəsinin öz düşüncəmizdən, öz içimizdən pöhrələnməsinə yol açan bir yanaşma kimi dəyərləndirilməlidir. Dövlət başçısı bu çağırışıyla ərazi bütövlüyümüzün təmin olunmasına gətirib çıxaran hədəflərimizi millət, xalq və dövlət olaraq, məhz özümüz tərəfindən müəyyənləşdirdiyimiz kimi gələcək inkişafımızın təmin edən yeni milli ideyamızın və ya ideyalarımızın özümüzə məxsus olmasının vacibliyini diqqətə çatdırır. Çünki ötən zaman kəsiyində ən müxtəlif və “qanadlı” ifadələr altında cəmiyyətimizə sırınan qondarma ideya və dəyərlərin əsas məqsədinin bizi bir millət və xalq olaraq parçalamaqdan, xarici maraqların könüllü girovuna - köləsinə çevirməkdən, işğalla, qürursuzluqla barışdırmaqdan, milli identikliyimizi təşkil edən dəyərlərimizi məhv edərək qondarma, mutant, insanın yaradılış fəlsəfəsinə zidd olan liberalizm səfsəfələrinin qolubağlı qulu kimi qütbdən-qütbə sürükləməkdən ibarət olduğunu çox yaxşı bilir. 

Biz qalib xalqıq, ərazi bütövlüyümüzü təmin, suverenliyimizi bərpa etmişik. Qürurlu gəzirik və buna mənəvi haqqımız var. Amma bu bizim üçün yetərli deyil və olmamalıdır da... Zəfər ruhumuz stimulverici faktordur, dəyərini bilməli və qorumalıyıq, lakin arxayınçılığa, ətalətə çevrilməsinə yol verməməliyik. Bu baxımdan, ilk milli hədəfimiz Zəfər ruhumuzun – hazırda ana südü kimi halal və yalnız özümüzə məxsus olan passionar enerjimizin qorunması olmalıdır. 

Hazırda hər birimizin düşüncəsində, daxilində nəhəng bir enerji mənbəyi var. Amma çağdaş reallıqlar fərqlidir. Dünya, o cümlədən ətrafımızda olan nə varsa, həm də bizim öz iştirakımızla dəyişib. İndi yeni milli ideyanın formalaşması prosesi çoxqütblü dünyaya keçid müstəvisində qlobal hakimiyyət uğrunda amansız mübarizənin güclənməsi, təbii resursların tükənməsi, demoqrafik və iqtisadi inkişafın zəifləməsi, qlobal dezinteqrasiya prosesinin ən önəmli, ən kəskin mərhələsinin yaşandığı bir zamana təsadüf edir. Belə bir şəraitdə formalaşan milli ideya və ya ideyalar, qənaətimə görə, xalq və dövlət olaraq bütün qlobal kataklizmlərə, sürətli dəyişikliklərə hazır olmağımıza, identikliyimizi qorumağımıza, təhlükəsizliyimizə və davamlı, sabit inkişafımıza xidmət etməlidir. Zənnimcə, ilkin vahid milli ideoloji konsept dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların milli, mədəni, siyasi və məfkurə birliyinin təmin edilməsi – Bütöv Azərbaycançılıq olmalıdır. Yəni, təkcə 10 milyonun deyil, 50 milyonluq Azərbaycan xalqının passionar enerjisini bir araya gətirməli və dağınıq milli-mədəni subetnos mərhələsindən etnos mərhələsinə adlamalıyıq. Növbəti vahid milli ideoloji konsept isə bizimlə eyni, yaxud ortaq mədəniyyətə malik olan xalqlarla birlikdə, qlobal dezinteqrasiya prosesinin kataklizmlərindən birlikdə qorunmaq və inkişafımızı təmin etmək üçün superetnos mərhələsinə keçid olmalıdır. Bunun üçün digər türk xalqları və topluluqları, eləcə də bizimlə eyni tarixi, coğrafiyanı, dəyərləri bölüşən digər xalq və topluluqlarla birlikdə, identikliyin, özünəməxsusluğun, müstəqil dövlətçilik ənənələrinin bütün komponentlərinin qorunması amilinin dəyişməz və başlıca faktor kimi saxlanılması şərtilə, vahid mədəni və iqtisadi məkanın formalaşdırılmasına nail olmalıyıq. Fərqliliklərin qorunması rəqabətin və təbii ki, inkişafın təməl sütunudur, olmazsa olmazıdır! Vahid passionar enerji də, məhz bu fərqliliklərin bir-birinə təsiri nəticəsində ortaya çıxır, güclənir və yaradıcı potensiala çevrilir. 

Amma qeyd etdiyim ümumi nəzəri konseptlər Azərbaycan xalqının vahid milli ideoloji platforma üzərindən inkişafı üçün yetərli deyil. Submədəniyyətlər bir-birinə təsir göstərərək, toplumsal, vahid mədəniyyətləri formalaşdırdığı kimi, subidayalar da vahid, bütöv və konseptual ideyaların inkişafında, gerçəkləşməsində müstəsna rol oynayır. Məhz bu baxımdan, həyatın bütün sahələri üzrə milli ideyaların – elmi əsasları olan milli inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini zəruri hesab edirəm. Bu, dil, tarix, ədəbiyyat, elm, təhsil və mədəniyyətdən başlayaraq, dövlət idarəçilik sisteminə, iqtisadiyyata, ekologiyaya kimi bütün sahələri əhatə etməlidir. Hətta turizmin inkişafının da təməlində milli ideya dayanmalıdır və ilk növbədə azərbaycanlıların milli-mədəni bütövlüyünün təmin edilməsinə, qorunmasına xidmət etməlidir.  Təhsil, ədəbiyyat, mədəniyyət də həmçinin... Bu xüsusda, superetnos konseptinin də paralel şəkildə qeyd etdiyim və etmədiyim bütün istiqamətlərin ikinci ideoloji pilləsində yer almasının zəruri olduğunu düşünürəm. 
Xalq və millət olaraq yeni və bəlkə də tarixin heç bir dönəmində yaşamadığımız mərhələyə qədəm qoymuşuq. Yeni dövrün kəskin və amansız reallıqları, qlobal siyasi münasibətlər sisteminin hər an dəyişən dinamikası bizdən hətta vahid milli ideyalarımızın həyata keçirilməsi prosesində belə daha yaradıcı, daha çevik düşüncə, reallılarıqları daha sürətlə mənimsəyə və onları öz ideyalarımıza uyğun şəkilləndirə bilmək bacarığı tələb edir. Bu mühüm tarixi missiyanı da əzmlə, qürurla, şərəflə həyata keçirəcəyimizə şübhə etmirəm! 

Qəzamız mübarək olsun!

Tanrı Azərbaycanı qorusun!

Elçin Mirzəbəyli