Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirləri, paytaxtda və regionlarda baş tutan film təqdimatlarını, beynəlxalq festivalları, kino günlərini, qala gecələri, yubileyləri, yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin qərarına əsasən bu əlamətdar günün artıq 17 ildir qeyd olunduğunu diqqətə çatdırıb.
Nazir son illərdə Azərbaycan filmlərinin zirvələri fəth etdiyini söyləyib: “Azərbaycan filmlərinin hansı zirvələri fəth etdiyini, hansı yenilikləri tamaşaçılara təqdim etdiyini rəqəmləri nəzərdən keçirməklə müəyyən etmək olar. Azərbaycan filmləri müxtəlif kino festivallarında ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari adlarına layiq görülüb”.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib.
Kino işçilərinin peşə bayramı, ənənəyə uyğun olaraq, bu il də yeni ekran əsərinin premyerası ilə yadda qalıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsal etdiyi “Nar bağı” bədii filminin təqdimatı olub.


Son xəbərlər
Son Xəbərlər