Milli Məclis “Asan Viza”nı asanlaşdırdı

milli-meclis-asan-vizani-asanlasdirdi-
Oxunma sayı: 1288

Miqrasiya Məcəlləsinə dəyişikliklər edilib. “Qafqazinfo” xəbər verir ki, yeni dəyişikliyə əsasən Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza" sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.

"ASAN Viza" sisteminin fəaliyyətinin təşkili, elektron vizanın alınması üçün elektron müraciət formasına daxil edilməli olan məlumatlar, elektron viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə müəyyən edilir. Elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir. Elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər "ASAN Viza" sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər. "ASAN Viza" sistemi elektron viza alınması üçün daxil olmuş elektron müraciəti real vaxt rejimində "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə göndərir.