Milli Məclis Mərkəzi Bankın səlahiyyətini Palataya vermədi

milli-meclis-merkezi-bankin-selahiyyetini-palataya-vermedi
Oxunma sayı: 1577

Bank faizlərinin yuxarı həddinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilməsini nəzərdə “Banklar haqqında” qanuna təklif edilən dəyişiklik Milli Məclisin sabahkı plenar iclasının gündəliyindən çıxarılıb.  

Bu barədə “Qafqazinfo”ya parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Tahir Mirkişili məlumat verib. 

Deputat layihənin gündəlikdən çıxarılmasının səbəbini bilməsə də, banker.az saytının yazdığına görə, buna səbəb qanun layihəsində Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini nəzərdə tutulan səlahiyyətin mübahisəli olmasıdır. 

Belə ki, dəyişikliklə bank faizlərinin yuxarı həddinin məhz Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulurdu ki, bu da mövcud prosedurlara və qaydalara uyğun gəlmir.

Bu məsələnin adıçəkilən Palatadan daha çox, Mərkəzi Bankın səlahiyyətində olduğu nəzərə alınaraq, dəyişiklik məqsədəuyğun hesab edilməyib və qanun layihəsi son anda gündəlikdən geri çəkilib.

Günel Türksoy