Milli Məclis niyə toplanır? - Deputatdan xüsusi iclasla bağlı şərh

milli-meclis-niye-toplanir
Oxunma sayı: 3060

Xəbər verdiyimiz ki, sabah Milli Məclisin “Nüvə materiallarının fiziki mühafizəsi” konvensiyasına düzəlişlərin təsdiqi üçün xüsusi iclası çağırılıb. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsi sədr müavini Aydın Mirzəzadə “Qafqazinfo”ya konvensiyada ediləcək dəyişikliklər barədə danışıb:

“Sabah həmin konvensiyaya düzəlişlərin təsdiq edilməsi nəzərdə tutulub. Çünki konvensiyaya hər hansı düzəliş edildikdə həmin düzəliş onu imzalayan ölkələr tərəfindən yenidən təsdiqlənməlidir. İlk növbədə konvensiyanın adında dəyişilik edilir. Əvvəllər “Nüvə materiallarının fiziki mühafizəsi” üzrə nüvə konvensiyası adlanırdısa, indi “Nüvə materialının və nüvə qurğularının fiziki mühafizəsi haqqında” adlanacaq. Artıq məsələyə daha geniş baxılır. Təkcə materialın özünün deyil, eyni zamanda materialla bağlı olan qurğuların da fiziki mühafizəsindən söhbət gedir. Konvensiyanın preambulası dəyişir. Preambulada 1994-cü ildə beynəlxalq terrorçuluğun qarşının alınması üzrə tədbirlərə dair bəyannamə xatırladılır, bir sıra fikirlər daha da dəqiqləşdirilir. Terrorçuluğa qarşı mübarizənin nüvə materialları və nüvə qurğularının fiziki mühafizəsində böyük rolu olduğu bildirilir.

Həmçinin, bir neçə yeni maddə əlavə edilir. Bir- A maddəsi əlavə edilir ki, orada dinc məqsədlər üçün istifadə olunan nüvə materialları və qurğuların fiziki mühafizəsinə nail olunması üçün dövlətlərarası əməkdaşlığın yaradılması nəzərdə tutulur.

Son dövrdə terrorçuluğun bəşəriyyət üçün təhlükə yaratdığını nəzərə alınaraq, nüvə materialı və qurğularının terrorçuların hərəkətlərindən qorunması üçün vacib tədbirlərin görünməsində əməkdaşlıq məsələsini önə çəkir”.

Millət vəkili, həmçinin, konvensiyaya edilən dəyişikliyin IV Nüvə Təhlükəsizliyi Sammiti öncəsi Azərbaycan qarşısında qoyulan hər hansı öhdəlik olmadığını da vurğulayıb:

“Bu hər bir dövlətin öz seçimidir. Sadəcə olaraq, Azərbaycan bu məsələdə ilk dövlətlərdəndir ki, həmin düzəlişi təsdiq etdi. Azərbaycan bu gün nüvə təhlükəsizliyinin təmin edilməsində ən fəal dövlətlərdən biri kimi çıxış edib. Baxmayaraq ki, nüvə silahımız yoxdur, Azərbaycan geniş nüvə texnologiya sisteminə malik deyil, amma bu gün bu sahədə ölkəmiz ilk addımlarını atmaqdadır. Həm prezidentimizin orada iştirakı, eyni zamanda konvensiyaya qoşulmağımız onu göstərir ki, Azərbaycan nüvə texnologiyasından istifadədə də təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir”.