78 saylı Lerik seçki dairəsindən namizəd Hüseynov Babək Meyxos oğlu izdihamlı görüşlərini davam etdirir. “Qafqazinfo” xəbər verir ki, namizəd yanvar ayının 30-da öncədən nəzərdə tutulmamasına baxmayaraq ağsaqqal və ziyalıların çox saylı dəvəti ilə Amburdərə və Barzavu kəndlərdə seçiciləri ilə görüşüb. Görüşdə kənd ağsaqqal və ziyalıları hər zaman Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq olduqlarını, onun layiqli davamçısı İlham Əliyevi dəstəklədiklərini bildirib.
Daha sonra, dövlət və dövlətçilik ənənələrindən bəhs edən Babək Hüseynov “Heydər Əliyev Azərbaycan adını bir dövlət olaraq dünya tarixinə qızıl hərflərlə və əbədi olaraq yazdı. Heydər Əliyevin qeyri–adi istedadı, uzaq görən zəkası, unikal dövlətçilik məharəti, dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. Heydər Əliyev məhz özü tarixi yaradan şəxsiyyət idi. O, zamanla ayaqlaşa bilən, bəzən onu qabaqlayan siyasətçilər cərgəsinə aiddir. Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görünməyən sürətli inkişaf dinamikasını yaşayaraq regionun lider dövlətinə çevrilib”- deyə bildirib.
Babək Hüseynov Birinci vitse-prezident Mehriban Əliyevanın da fəaliyyətini yüksək qiymətləndirərək “Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının sevgi və rəğbətini qazana bilib. Azərbaycanın Birinci vitse-prezidenti öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir, respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir” -deyə əlavə edib.
Daha sonra parlament seçkilərinin mahiyyəti haqqında əhaliyə məlumat verən Babək Hüseynov “Qanunverici orqan hakimiyyətin icraedici qolunun bütün sahələrində aparılan islahatlardan kənarda qala bilməz. Milli Məclisin yeni seçiləcək üzvləri, Prezident tərəfindən ölkədə həyata keçirilən islahat və yeniliklərə adekvat olmalı, yeni düşüncəyə malik şəxslərdən ibarət olmalıdır” deyə qeyd edib.
Görüşdə çıxış edən ağsaqqal və ziyalılar, Babək Hüseynovun Lerik seçicilərinin ən layiqli namizədi olduğunu bildiriblər.


Son xəbərlər
Son Xəbərlər