Milli Məclisdə AŞPA komitəsinin iclası

milli-meclisde-aspa-komitesinin-iclasi
Oxunma sayı: 639

Azərbaycan Milli Məclisində (MM) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Uşaqlar üzrə alt komitəsinin iclası keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, “Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən tədbiri MM sədrinin müavini Bahar Muradova açıb. O, deyib ki, AŞPA mötəbər qurum kimi uşaqların hüquqlarının qorunmasını diqqətdə saxlayır. Onun sözlərinə görə, Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir: “Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan qanunlarında bu məsələlər tənzimlənir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir”.

Daha sonra çıxış edən alt komitənin sədri Baronessa Dorin Massey müasir dövrdə insanların internetin verdiyi imkanlardan yararlandığını bildirib. Onun sözlərinə görə, bununla yanaşı valideynlər anlamalıdır ki, bu imkanlar eyni zamanda uşaqlara mənfi təsir edə, onların istismarına gətirib çıxara bilər. Baronessa bu sahədə dünyada baş verənlərin nümunə olduğunu bildirib. O, AŞPA-nın uşaq təhlükəsizliyi ilə bağlı sahəyə xüsusi önəm verdiyini vurğulayaraq uşaq hüquqları üzrə strategiyanın xüsusi komitə tərəfindən izləndiyini bildirib. 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycan əhalisinin 30 faizini uşaqlar təşkil edir. O, bildirib ki, Azərbaycanda uşaq problemləri daim diqqət mərkəzindədir və ölkədə uşaqlara qayğı ildən-ilə artır: “Azərbaycan uşaq hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də uşaqların hüquqlarının pozulduğunu qeyd edib. Eyni zamanda Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Onlardan 300 mindən çoxu uşaqlardır. Bu da uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran mühüm amillərdən biridir”. 

İclas gün ərzində davam edəcək.

Günel Türksoy