“Müsavat Partiyasının Milli Şuranı tərk etməsi məntiqi prosesdir. Belə vəziyyətdə belə bir addımın atılması gözlənilən idi”.
Bunu “Media forum” saytına Milli Şuranın ictimai əlaqələr komissiyasının sədri, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev deyib. Mehman Əliyev bildirib ki, bu vaxta qədər Milli Şuranın elə ciddi fəaliyyəti olmayıb: “Əgər fəaliyyət yoxdursa, Müsavatın Milli Şuradan çıxması şuranın fəaliyyətinə nə təsir göstərə bilər? Ötən ilin prezident seçkisi kampaniyası dövründə Milli Şuranın bütün seçki kampaniyasını, demək olar, Müsavat və Xalq Cəbhəsi partiyaları aparıb – şuranın prezidentliyə namizədi üçün imzaların toplanması, təşviqatın aparılması, seçkiyə nəzarətin həyata keçirilməsi, mitinqlərin təşkili və başqa işləri. Milli Şurada həmin iki partiyadan başqa bir qüvvənin bu sahədə fəaliyyətini görməmişəm. Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev müxalif Milli Şurada ola-ola müxalifət liderlərinə, partiyalarına qarşı bəyanatlar verirdilər. Halbuki hədəf hakimiyyət olmalı idi.
Seçkidən sonrakı dövrü götürsək, yenə də Milli Şura, demək olar, yox dərəcəsindədir. Seçkidən sonra hər şey amorf vəziyyətdə qalıb. Milli Şuranın üzvləri bu qurumun gələcək perspektivi haqda yığışıb bir qərara gəlməlidir. Şura bundan sonra qalacaqmı, qalmayacaqmı, qalacaqsa hansı formada qalacaq, nə ilə məşğul olacaq və digər bu kimi suallara ilk növbədə Milli Şuranın üzvləri birlikdə toplaşıb aydınlıq gətirməlidir.
Milli Şura yaranandan az sonra qurumda Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydiyyata alınması məsələsindəki problemlə əlaqədar böhran başlanmışdı. Onda Milli Şurada təmsil olunan bir sıra siyasi qüvvələr seçkini boykot etməyə çağırmışdılar. Ancaq Müsavat Partiyasının prinsipial mövqeyi nəticəsində şura professor Cəmil Həsənlinin namizədliyi ilə seçkiyə qatıldı”.
Mehman Əliyev qeyd edib ki, Rüstəm İbrahimbəyovun Azərbaycanda olmadan Milli Şuraya sədrlik etməsi bu qurumu iflic vəziyyətinə salmışdı: “Bu, uzun müddət davam edə bilməzdi. Ona görə də Müsavat məsələni qoydu ki, Rüstəm İbrahimbəyov Milli Şuranın rəhbərliyini tərk etsin. Halbuki Rüstəm İbrahimbəyov özü bu qərarı verməli idi. Çünki real olaraq Milli Şuraya rəhbərlik etmirdi, formal olaraq sədr postunda qalırdı. Rüstəm İbrahimbəyov Milli Şuranı saxlamaq üçün əvvəl sədrlikdən, sonra fəxri sədrlikdən də imtina etdi. Ancaq bu, artıq start götürmüş bir prosesi saxlamadı”.
Son xəbərlər
Son Xəbərlər