ACP sədri Sülhəddin Əkbər Milli Şuranın taleyi ilə bağlı dünəndən başlayaraq məsləhətləşmələr aparıldığını deyib: “Müzakirələrin nəticəsindən asılı olaraq bizim orda qalıb qalmamağımız müəyyənləşəcək. Təbii ki, biz istərdik ki, Milli Şura fəaliyyətini davam etdirsin”.
Milli Şuranın üzvü Eldəniz Quliyev hesab edir ki, Demokratik Qüvvələrin birliyi olan Milli Şura yeganə müxalifət qurumudur ki, onu sönməyə qoymaq olmaz: “Yeganə müxalifət institutudur ki, onu dağıtmağa imkan vermək olmaz. Axı Milli Şura kiminsə korporativ maraqlarına əsasən yaradılmayıb ki? Milli Şura xalqın sosial sifarişi ilə yaradılıb. Milli Şuranı bundan sonra qorumalıyıq”.
Eldəniz Quliyev bildirib ki, Müsavatın Milli Şuradan getməsi təbii ki zərbədir: “Amma Milli Şura bu zərbədən öz xeyrinə istifadə etməlidir. Milli Şuraya daxil olan şəxslərlə görüşüb məsləhətləşmələr aparılmalıdır. Güman edirəm ki, yaxın günlərdə Milli Şuranın sessiyası da keçiriləcək”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə facebook səhifəsində son olaylara yenidən münasibət bildirib. O qeyd edib ki, nəhayət ki, Müsavatın Milli Şuradan ayrılmasının gerçək səbəbini "Yeni Müsavat"qəzeti etiraf edib: “Qəzetdə gedən "Müsavat təkbaşına iqtidar yürüşünə start verdi" məqaləsindən aşağıda verdiyimiz sitata baxın, açıq aşkar deyirlər ki, Əli Kərimlinin (bu həm də Cəmil Həsənliyə bir işarədir) iqtidara prinsipial mübarizə mövqeyini Müsavat partiyası doğru saymır. Bu prinsipial mübarizə sözünü hörmətdən salmaq üçün onun yanına, YAP-çıların müxalifətin ünvanına vaxtaşırı dediyi "radikal", "söyüş","təhqir" kimi ifadələr də artırıblar. Bu ifadədə "hakimiyyətə gəlmək" ifadəsini siz "mandat almaq" şəklində oxusanız daha aydın olar.
"Müsavat başqanı həm də görür ki, Əli Kərimli ilə hakimiyyətə gəlmək mümkün deyil; bunun səbəbi çoxdur; lakin artıq faktdır; geniş kütlələr, ciddi və imkanlı dairələr onun olduğu formata qoşulmağa çəkinir; aşırı radikallıq, söyüş, təhqir, nifrət, aqressiya insanlarda narahatlıq və qorxu yaradır."- deyə qəzet vurğulayıb.
Qeyd edək ki, Eldar Namazov da Milli Şurada baş verənlərlə bağlı "Qafqazinfo"ya geniş açıqlama verib. Yaxın saatlarda həmin yazını təqdim edəcəyik.
Günel
Son xəbərlər
Son Xəbərlər