“Millidən qayıdan futbolçuların psixoloji durumundan narahat oluram” - Qurban Qurbanov

“Millidən qayıdan futbolçuların psixoloji durumundan narahat oluram”
Oxunma sayı: 779

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində “Bazel”lə matçdan əvvəl mətbuat konfransında iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə qarşılaşma barədə fikirlərini açıqlayıb:

- Konfrans Liqasının qrup mərhələsində ilk matçımıza çıxacağıq. Həmişə qrupda oynamağı istəmişik və xoşlamışıq. Tamam başqa turnir və futbol olacaq. İstəyirik ki, uğur qazanaq. İnanıram ki, futbolçularım “Bazel” kimi rəqibə qarşı yaxşı oynayacaqlar. Bunu oyunçularıma güvənərək deyirəm. Son illər İsveçrə futbolu yüksəlir. Elə dünən bu ölkənin “Yanq Boyz” klubu “Mançester Yunayted”ə qalib gəldi. Klub səviyyəsində də irəliləyiş var. İsveçrə futbolu bizə yad deyil. Ümid edirəm ki, yaxşı oyun göstərə biləcəyik. 

- “Bazel”in heyətində Artur Kavral kimi çox təhlükəli oyunçu var. Onu zərərsizləşdirməyin yolunu tapmısız? 

- Rəqib çox dinamik futbol oynayır və müdafiədən hücuma əla çıxır. Rəqibləri analiz edəndə əvvəlcə kollektivə, sonra fərdi oyunçulara nəzər yetiririk. Lakin bizim üçün kollektiv daha önəmlidir. Futbolçularımız rəqibə yaxın oynayacaqlar. Müdafiəçilərimiz Kavralı daha yaxşı tanıyacaqlar. Düşünürəm ki, təkbətək mübarizələr çox önəmlidir. 

- “Neftçi” ilə matçda komanda çox güc sərf etdi. Bərpa prosesi necə keçdi? 

- Mən həmişə arzulamışam ki, bütün oyunlar belə keçsin. Sadəcə meydança amili var idi. Stadionun vəziyyəti ürəkaçan deyildi. Yenə də bərpa üçün 1 gün artıq vaxtımız olsaydı, daha yaxşı vəziyyət yarana bilərdi. Yorğunluq var, amma bunun öhdəsindən gələ bilərik. Mikrozədəli futbolçular var. Sabah səhər də məşq edəcəyik, bizim bəzi oyunçularımız sabah tam qoşulacaq heyətə. 

- Milli komandadan gələn futbolçuların durumu necədir? 

- Yığmaya gedən futbolçuların psixoloji durumundan narahat olmuşam. Çünki daha çox oyun keçirirlər. Fiziki yorğunluqdan çox psixoloji yorğunluq özünü göstərə bilər. Millinin oyunları başqa səviyyədədir, çempionat matçları başqa, Konfrans Liqası başqa səviyyədədir. 

- İbrahima Vadji “Neftçi” ilə matçda çox yaxşı oynadı. Demək olar ki, “Qarabağ” istədiyi hücumçunu tapıb?

- O, “Neftçi” ilə matçda yaxşı çıxış etdi, amma bu o demək deyil ki, tam yaxşıdır. Fiziki gücündən, sürətindən razıyam, lakin bəzi komponentləri düzəlməlidir. Başqa çempionatdan gəlib, burada futbol başqadır. Getdikcə onun üzərində daha çox diqqət olacaq. Buna görə tam uyğunlaşmalı və istədiyimiz vəziyyətə gəlməlidir. 

- Neçə illərdir ki, sizin oyundan öncə konfranslarınızda oluruq. Həmişə deyirsiz ki, bu son məşq deyil. Oyun günü səhər etdiyiniz məşqdə daha çox nəyə diqqət edirsiniz? 

- Bəzi yüklənmələr var ki, onları bir gündə edə bilmirik. Məşqin yarısını axşam, yarısını isə sabah səhər edəcəyik.