Millimiz reytinq cədvəlində irəlilədi

millimiz-reytinq-cedvelinde-ireliledi
Oxunma sayı: 633

Azerisport.az xəbər verir ki, Azərbaycan millisi budəfəki reytinq cədvəlində irəliləyib.

Belə ki, Berti Foqtsun çalışdırdığı komandamız 4 pillə irəliləyərək 113-cü sıraya yüksəlib. Xallarının da sayını artıran (+35) millimiz hazırda 300 xala malikdir.

Yığmamızın DÇ-2014-dəki rəqiblərinə gəlincə, Portuqaliya 1100 xalla 7-cidir və ötən ayla müqayisədə bir pillə irəliləyib. Elə Rusiya da bir pillə irəliləyib və 971 xalla 12-ci sırada qərarlaşıb. İsrail də ötən ayla müqayisədə minimal irəliləyişə nail olub və 665 xalla 37-cidir. Şimali İrlandiya millisi 5 pillə geriləyib. Bu ölkənin yığması hazırda 403 xalla 89-cudur. Ən pis nəticə isə Lüksemburqa məxsusdur. Bu komanda 9 pillə geriləyərək 252 xalla 127-ci sırada qərarlaşıb.

Bütövlükdə isə, reytinq siyahısına yenə İspaniya başçılıq edir. Ümumiyyətlə, ilk dördlükdə ötən ayla müqayisədə heç bir dəyişiklik olmayıb: İspaniya - 1564, Hollandiya - 1365, Almaniya - 1345, Uruqvay - 1309. İngiltərə iki pillə irəliləyərək 1173 xalla 5-ci olub. Braziliya bir pillə geriləyib və hazırda 1143 xalla altıncı sırada qərarlaşıb. Portuqaliya 7-ci (1100), Xorvatiya 8-ci (1091), İtaliya 9-cu (1082), Argentina 10-cudur (1067 xal).

Qeyd edək ki, növbəti reytinq cədvəli dekabrın 21-də açıqlanacaq.