Millimizin futbolçusu ÇL-də debüt etdi - Foto

Millimizin futbolçusu ÇL-də debüt etdi
Oxunma sayı: 2105

Xəbər verdiyimiz kimi, Türkiyənin “Beşiktaş” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində səfərdə “Ayaks”la qarşılaşıb.

“Qafqazinfo”nun məlumatına görə, Niderland təmsilçisinin 2:0 hesablı qələbəsiylə bitən bu görüş “qara qartallar”ın gənc futbolçusu Berkay Vardar üçün əlamətdar olub.

Belə ki, 18 yaşlı yarımmüdafiəçi ilk dəfə İstanbul təmsilçisinin əsas komandasında rəsmi oyuna çıxıb. Baş məşqçi Sərgən Yalçın onu matçın 73-cü dəqiqəsində Umut Meraşın əvəzində meydana buraxıb. Bununla da o, “Beşiktaş”ın əsas komandasında rəsmən debüt edib.

Qeyd edək ki, Berkay “Beşiktaş”ın öz yetirməsidir. Futbolçu vaxtilə U-17 yığmamızın da formasını geyinib. Hazırda isə o, Azərbaycanın U-19 millisinə dəvət alır.

Xatırladaq ki, “Beşiktaş” “Ayaks”la səfər oyununa 11 əskiklə yollanıb. Bu üzdən də məşqçilər heyəti əsas komandaya bir neçə gənc futbolçu cəlb etmişdi ki, onlardan da biri Berkay idi.