“Milyonlarla vəsait ayrılsa da...” - Bu dəfə Səhiyyə Nazirliyini tənqid etdi

milyonlarla-vesait-ayrilsa-da
Oxunma sayı: 2273

Ekspert Osman Gündüz Səhiyyə Nazirliyinin elektron baza sisteminə milyonlarla vəsait ayrılmasına baxmayaraq, vəziyyətin qənaətbəxş olmadığını bildirib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, O.Gündüz qeyd edib ki, Səhiyyə Nazirliyi 10 ildir ki, e-Gov quruculuğundan danışır:

“Hər şeyin yüksək səviyyədə olduğu bildirilirdi. Elektron xidmətlərin siyahısı göz deşirdi. İndi isə İcbari Tibbi Sığorta qurumu deyir ki, xəstəxanalarda elektron növbə sistemini hazırlamağa başlayıblar. Bu xidmət, tibb sahəsində ən elementar xidmət hesab olunur. Anlaşılmazdır. Əgər zamanında belə həllər hazırlanıbsa onlar hardadır? Səhiyyə sistemində indiyədək e-Gov üçün ayrılan vəsaitlər milyonlarla ölçülür. Aydın olur ki, səmərəli olmayıb. Odur ki, eyni məqsədli ictimai vəsaitlər indi yenidən ayrılır. Ümid edirəm dövlət xidmətlərinin keyfiyyətinə və e-Gov quruculuğuna cavabdeh olan ASAN bununla bağlı bir açıqlama verəcək. Görünən odur ki, hələlik Səhiyyədə olan informasiya sistemlərinin (əgər varsa) heç birisinin İcbari tibbi sığorta üzrə məsul qurumlara inteqrasiyası baş tutmayıb. E-Gov sahəsində Kordinasiyaya etinasız yanaşan qurumlardan biri də məhz Səhiyyə Nazirliyi olub. Bir daha bildirmək istərdim ki, ASAN e-Gov sahəsində əlavə məcburedici normalarla bağlı hökümətə müraciət etməlidir, görünür ki, bir mərkəzi icra qurumu səviyyəsində, könüllü koordinasiya prinsipləri ilə e-Gov quruculuğu çox ləng gedir. Sayğısızlıq və etinasızlıqlar çoxdur. Və ya ASAN bu sahədə idarəetmənin daha üst quruma, məsələn Prezident Administrasiyası yanında və hökumət yanında yaradılacaq bir koordinasiya qurumuna verilməsi haqqında təşəbbüs etməlidir. Ümumiyyətlə belə görünür ki, səhiyyə sektorunda rəqəmsallaşmanın çox aşağı səviyyədə olması icbari tibbi sığortanın tətbiqi üçün ciddi problemlər yaradacaq”.