Qonaq ev yiyəsinə tabedir. Ev yiyəsi istəsə, qapısına gələn adamı ac-susuz yola sala bilər. Gəmidə oturub gəmiçi ilə dava etmək olmaz.
Biz azərbaycanlılar qonaqpərvər insanlarıq. Özümüz qıyıb yemədiklərimizi qonağın qarşısına düzürük. Buna görə də evlərimiz həmişə qonaqlı-qaralı olur. İnternet əsrində canlı ünsiyyətə çox böyük ehtiyac var.
Ötən gün ailəlikcə yaxın qohumlarımızdan birinin evinə qonaq getmişdik. Süfrənin arxasında səkkiz nəfər əyləşsə də, ən azı on beş nəfər üçün nəzərdə tutulan yeməkləri həzmi-rabedən keçirəndən sonra ev sahibinin istəyinə uyğun olaraq, hərəyə 2 stəkan da çay içdik. Qohumlarımızın qapısını bir qarın yemək üçün döymədiyimizi sübut etmək məqsədilə bir qədər söhbət etməyə qərar verdik. Amma televizorun səsi bizi danışmağa qoymadı. Ev yiyəsinin arzusuna uyğun olaraq, hamımız ekrana diqqət kəsildik.
Ağıllı insanlar canlarının qədrini bilirlər. Ötən gün qonaq getdiyimiz qohumlarımız isə bu məsələdə çoxdan əndazəni aşıblar. Yaşları irəlilədikcə yaşamaq ehtirasları da artır. Qazandıqları pulun yarısını özləri, yarısını isə həkimlər yeyir. Nisbətən cavan qalmaq, çox yaşamaq üçün ağlagəlməz üsullara əl atmaqdan çəkinmirlər. Mən onların reklamlara dördgözlə baxdıqlarını görəndə buna bir daha əmin oldum.
Həmin güz üzə düşüb, qohumlarımızla birlikdə bütün reklamları izləməli olduq. Əvvəl bir şampun reklam etdilər. Məlum oldu ki, həmin şampun saçların tökülməsinin qarşısını alır. Reklamda o da vurğulandı kı, bu şampundan istifadə etməklə həm də saçların ağarmasının qarşısını almaq mümkündür. Qohumlarımız dərhal həmin şampunun adını özlərinin cib bloknotuna qeyd etdilər. Sonra bir krem haqda danışıldı. Belə başa düşdüm ki, insan həmin krem vasitəsilə üzündəki qırışlardan xilas ola bilər. Ev sahibləri qocalmaqdan qorxduqları üçün bir göz qırpımında bu kremin də adını bloknota həkk etdilər. Balıq yağlarının reklamı isə qohumlarımız üçün lap göydəndüşmə oldu. Onlar yaddaşlarını itirməkdən qorxduqlarına görə dərhal həmin balıq yağının adını iri hərflərlə boş səhifələrdən birinə yazdılar. Müxtəlif qida məhsulları və şirələrlə bağlı reklamlar da diqqətdən kənarda qalmadı. Onlar gözlərini ekrandan çəkmədən əllərindəki bloknota zəruri qeydlər edir, səhifələrin kənarına müxtəlif işarələr qoyurdular. Biz ancaq reklamlar başa çatandan sonra söhbət edə bildik. Qohumlarımızın sevincinin həddi-hüdudi yox idi. Bir anlığa mənə elə gəldi ki, onlar Allah-Təaladan ən azı 200 il yaşayacaqlarına dair zəmanət alıblar...
Bizi mehriban qarşılasalar da, qohumlarımızın Allahın işinə qarışmaq istəyi məni əməlli-başlı əsəbləşdirdi. Sağollaşıb ayrılanda dedim ki, məndə bir resept var, ona əməl etsəniz ən azı min il yaşaya bilərsiniz. Ər-arvad ikisi də eyni vaxtda dilləndi: “Necə?”
Cavabım belə oldu: “Mikayıl Müşfiq cəmi 29 il ömür sürüb. Amma min il də bundan sonra xatırlanacaq. Çox yaşamaq üçün həyatda iz qoymaq lazımdır”.
Qapının çırpılmağından başa düşdüm ki, verdiyim “resept” qohumlarımın xoşuna gəlmədi...
Son xəbərlər
Son Xəbərlər