Mina Nəbahətdən yaxşı oynadı…

mina-nebahetden-yaxsi-oynadi
Oxunma sayı: 4263


Dəvət etdilər, Nizami Kino Mərkəzində rejissor, ssenarist Vahid Mustafayevin 20 Yanvar  faciəsinə həsr etdiyi “Qanlı yanvar” filiminin premyerasına, gəldik. Filmin əsas rollarından birini Türkiyənin tanınmış aktrisası Nəbahət Çehrə oynadı. “Möhtəşəm yüz yıl” serialının Valide sultanı. Mətbuat konfransında da bütün diqqəti öz üzərinə toplaya bilmişdi. Mən isə, beynimdəki sualın cavabını tapmışdım. Bizdə ana obrazını oynaya biləcək o qədər aktrisa varkən, sırf elə buna görə Türkiyədən dəvət etmişdilər. Tamaşaçıların əksəriyyəti, büdcəsi 1 milyonluq olan filmə Nəbahət Çehrəyə görə gedəcəklər. Məntiqən doğru addım atılmışdı.

“Qanlı yanvar” haqda çox danışıldı, yazıldı. Nəhayət, 20 Yanvar faciəsinin 25 illiyinə bir gün qalmış  filmin qala gecəsi keçiriləcək gün də gəlib çatdı.

Film nümayiş olunan zaldayıq. Nə yalan deyim, həyəcanlıydım. Axı, 90-larda mən çox körpə idim. Nə dost tanıyırdım, nə düşmən. Qanlı yanvarı da ancaq televizorda görmüşdüm. Hə, bir də indi filmdə görəcəkdim.

Budur, işıqlar sönür. Zal zülmətə bürünür. Film Mehdi ilə Larisanın dialoqu ilə başlayır. Larisanın səsi titrəyir: “Bunu həyatımda ilk dəfə yaşayacağam”, deyərək uzanır. Hər kəsin fərqli fikirlərə qapıldığı hiss olunurdu. Sonra isə məlum oldu ki, Mehdi (Azər Aydəmir) əlində yarımçıq ürək şəklini tamamlamaq üçün Larisanın əlinə yarımçıq ürək şəkli cızır. Sözügedən ikibaşlı dialoq mənə görə yersiz idi. Hələ də, o dialoqa nə ehtiyac olduğunu düşünürəm?

Əgər mənə aktrisalar arasında seçim şansı versəydilər, tərəddüdsüz  Zita obrazını canlandıran Mina Məmmədovanı Nəbahət Çehrədən üstün tutardım. Rolunu daha təsirli və gözəl oynayır.

M. Məmmədova həqiqətən alqışa layiq idi. Təbii idi. Əslində olduğu kimiydi. Axı, o gecəni o daha yaxşı duyurdu. Ağrını, acını, kədəri, faciəni.

İnqilab əhval-ruhiyyəsi yaradan azadlıq mücahidləri: Əfqanıstanda döyüş təcrübəsi keçmiş Mehdi, sevgilisi Larisa, dostları Hüseyn, Əli, Abbas, və Zita Azərbaycanı azad görmək istəyənlərin baris nümanələri idi. Filmin təsirlisəhnələrindən biri də sovet ordusunun qarşısında “Azadlıq, Azadlıq” bağıran vətənsevərlərin səslərdir. O an özümü filmin içində hiss edirdim, bir an elə bildim ki, o tanklar mənim də üzərimdən keçəcək. Çünki aktyor heyətinin gözündə həqiqi qorxu var idi.

Ekran işində mentalitetimizə də toxunulur. Avtomobildə öpüşən Zita və Hüseynə dindar Əli “Bu nə hərəkətdir, evlənin, sonra nə isəyirsiniz edərsiniz” sözləri ilə iradını bildirir. Bundan sonra Zita "Heç kimi sevməyən, bu hissin nə olduğunu bilməyən heç Vətəni də sevə bilməz" fikrini səslənir. Filmdə səsləndirilən bir çox sitatları çatdırmasam, doğru olmaz.

"Bəzən ölüm şərəfli yolun başlanğıcıdır", "Qorxmursan ki, bir imperiyanın altından çıxıb o birinin altına girərik?", "Deyirlər, ən yaxşı inqilabçı ölü inqilabçıdır, amma yatmışı da pis deyil. Təki gözləri və başqa yeri bağlı olsun", "Biz yezidə heç vaxt dua etmərik, bala. Oturardılar ev-eşiklərində, ata-analarının yanında, sağ-salamatda qalardılar", "Biz yeyirik ki, vuruşaq, vuruşmuruq ki, yemək yeyək", "Millət bir olsa, heç tank da gözə dəyməz" və s. Film yaddaşımda həm də bu sitatlarla qaldı.

Mehdi ilə Larisanın əllərindəki yarımçıq ürək kimi sevgililəri də yarımçıq qalır. Hamilə olan Larisa rus komandiri tərəfindən əvvəl gözü çıxarılır, daha sonra zorlanır. Filmin ən təsirli yeri isə Mehdinin xəstəxanada yerdə Larisanının meyitini tapması olur. Sevgilisini o halda görən Mehdi göz yaşı tökdükdən sonra ayağa qalxır, stolun üstündə olan digər meyiti kənara çəkib öz sevgilisini ora uzadır və ürəklərini birləşdirib vidalaşır. Xəstəxanadan çıxan Mehdi özünə sığışdırıb sevgilisinin zorlanaraq öldürüldüyünü dostlarına demir, onu tapmadığını söyləyir.

Mehdi nə qədər Azərbaycanın azadlığı uğrunda çalışsa da, doğma qardaşı Nəcəf sovet hakimiyyətinin qorunub saxlanmasına çalışan, azadlıq sevərlərə qarşı aparılan hərbi əməliyyatın başında duranlardandır. Yüzlərlə azərbaycanlının ölməsinə səbəb olan Nəcəf sonda öz ölümü bahasına qardaşı Mehdini xilas edir.

Əslində, biz toplum olaraq bu düşüncənin sahibiyik. Başqalarına nə olur olsun, təki doğmamız xilas olsun. Filmdə isə bu səhnə fərqli mənalandırılıb. Ana namaz üstə övladlarına dua edir və ölüm qarşısında olan iki qardaşdan biri, Mehdi xilas olur. Mehdi filmdə dəfələrlə qardaşına yalvarır ki, öz həmvətənlərinin ölümünə bais olmasın. Lakin o Sovet ordusunun tərəfini tutmuş, qardaşına qarşı çıxmışdı. Sonda Sovetlər tərəfindən öldürülən Nəcəfin (O öz səhvini başa düşmüşdü, lakin bu etdiklərinidəyişdirmir) azərbaycanlı qatillərindən olduğu unudulur və o da digər şəhidlərimiz kimi Şəhidlər Xiyabınında basdırılır.

Film 25 il keçdikdən sonra anası ilə Mehdinin Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bitır. İşıqlar yanır və zalı alqış səsləri silkələyir...

P.S Hə, bu arada yazıdakı qeyri-peşəkar elementlerə görə üzr istəyirəm. Çünki, bu yazı gənc jurnalist kimi  mənim ilk köşə yazımdır...