Rayonlardan birinin bazarındaydım. Bir az aralıda mini ətəkli, sarı saçlı gənc bir xanım alış-veriş edirdi. Deyim ki, vulqar görünmürdü.
Bazar əhli hücuma keçmişdi. Söz atan kim, nömrəsini qışqıran kim... Pərvanə kimi hərlənirdilər mini yubkalı xanımın başına. Qəfil çığır-bağır qopdu. Məlum oldu ki, xanım, ona əxlaqsız təklif edən cavan oğlana deyib ki, get, o sözləri anana, bacına de. Oğlan əsəbləşib xanımı vurmaq istəyəndə polis müdaxilə elədi. Bu qeyrət dağarcığı tanımadığı xanımı təhqir etməyi bir yana, hələ ona əl də qaldırmaq istəyirdi.
Biz bazardan çıxanda qız yolun kənarında dayanıb dəsmalla paltarını təmizləyirdi. Kimsə maşını bərk sürüb yağış gölməçəsininin palçıqlı suyu ilə üst-başını batırmışdı onun. Yaxınlaşıb kömək lazım olub-olmadığını soruşdum. Qız, üzünü bazara tərəf tutub ucadan “vəhşilər” dedi və hönkürdü...
Bakının avtovağzalında, 8-ci kilometr bazarında, 20 yanvar metrosu ərazisində, maşın bazarı ətrafında oxşar hal ilə qarşılaşmaq mümkündü. Ağına-bozuna baxmadan kim gəldi sataşır, söz atırlar. Torqovıda arın-arxayın gəzən mini ətəkli, sarı saçlı, qlamur bir xanımın sadaladığım ərazilərdə təkbaşına, maneəsiz dolaşmasını təsəvvür edirsizmi?
Mən, yuxarıda sadaladığım ərazilərə getməməyə çalışıram. Çünki bu adamların öz millətim olduğunu görəndə ürəyim ağrıyır, xəcalət çəkirəm.
Bu vəziyyətə şərait yaradan səbəblər var. Qadına seksual obyekt kimi baxan cahil kişilərin öz hisslərinə hakim ola bilməməsinin “apofeozudur” bu cür hadisələr. O kişilərin sevgilisi də var, arvadı da. Üstəgəl, fahişələrlə pul qarşılığında da cinsi ehtiyaclarını ödəyirlər. Bəs niyə küçədə, ictimai yerdə gördükləri qadınlara da tamah salırlar? Bu qədər acgözlüyün, tərbiyəsizliyin səbəbi nədir?
***
Yuxarıda qeyd etdiyim xanımın dediyi “vəhşilər” sivilizasiya karvanından geri qalıblar. Ömür boyu əlifbadan başqa kitab vərəqləməyən, mədəniyyətdən uzaq bu adamları ancaq ictimai qınaq islah edə bilər.
İctimai qınaq olmadıqca bu yaramız sağalmayacaq.
Cahillik yarası...
Son xəbərlər
Son Xəbərlər