“Minimum əmək haqqının DSMF-yə ödəniş üçün əsas yaratması ləğv edilməlidir”

minimum-emek-haqqinin-dsmf-ye-odenis-ucun-esas-yaratmasi-legv-edilmelidir
Oxunma sayı: 3296

Xəbər verdiyimiz kimi, gələn ilin yanvarından etibarən Prezidentin tapşırığına əsasən əmək haqları artırılacaq. Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əməkhaqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu məqamda iqtisadçı ekspert Natiq Cəfərli minimum əmək haqqının artması halında fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna ödədiyi ödənişlərin də artacağını qeyd edib. N. Cəfərli təklif edib ki, təcili şəkildə bununla bağlı qanunvericilikdə dəyişiklik edilməli, fərdi sahibkarların DSMF-yə ödənişlərinin minimum əmək haqqına ödənişlərə təsiri, bağlantısı aradan götürülməlidir: 

“Ölkədə rəsmi məlumatlara görə 1,1 mln. insan fərdi sahibkarlıqla məşğul olmaq üçün qeydiyyatdan keçib. Təbii ki, bunların hamısı fəaliyyətdə deyil, amma 800 minə yaxın aktiv DSMF ödəyicisi var. Təsəvvür edin ki, minimum əmək haqqı 30% artsa, avtomatik olaraq DSMF-yə ödənişlər də artacaq. Qanunda nəzərdə tutulan bu bağlantı kökündən yanlışdır. 

Təsəvvür edin ki, kimsə Bakıda fərdi sahibkar kimi ticarətlə, və ya tikinti ilə məşğuldur, ay ərzində 300 manat dövriyyəsi olub, əgər minimum əmək haqqı 30% artsa, bunun DSMF-yə ödənişi 162 manat 50 qəpik təşkil edəcək. Belə də ödəniş olar?!

Digər sahələrdə də eyni vəziyyətdir, VÖEN-lə çalışanlar DSMF-yə ödənişlərdən əziyyət çəkirlər. Minimum əmək haqqının artımı onlara birbaşa təsir göstərir, ona görə də təcili şəkildə qanunvericilikdə dəyişiklik edilməli, fərdi sahibkarların DSMF-yə ödənişlərinin minimum əmək haqqına ödənişlərə təsiri, bağlantısı aradan götürülməlidir. 

Fərdi sahibkarlar üçün ya fiksə edilmiş ödəniş olmalı (məsələn, aya 25 manat), ya da dövriyyəsindən, gəlirlərindən asılı olaraq ödənişlər dəyişməlidir (məsələn, 1000 manata qədər 25 manat, 1000-2000 arası 50 manat, 2000-3000 arası 75 manat və s.) . Bir sözlə, minimum əmək haqqının DSMF-yə ödəniş üçün əsas yaratması ləğv edilməlidir!”.