“Minsk formatı qalır, onu ləğv etmək niyyətimiz yoxdur”

minsk-formati-qalir-onu-legv-etmek-niyyetimiz-yoxdur
Oxunma sayı: 2456

“Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri, eyni zamanda, müştərək strateji dəyərlər var. Türkiyə bu müharibədə iştirak etməyib və buna ehtiyac da yoxdur. Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatları öz imkanları ilə uğurla yerinə yetirir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibəsində Türkiyənin Qarabağ münaqişəsinin həlli prosesində iştirakı ilə bağlı sualı cavablandırarkən deyib.

Hikmət Hacıyev Ermənistanın bununla əlaqədar qaralama kampaniyası apardığını diqqətə çatdırıb:

“Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir. 1992-ci ildə fəaliyyətə başlamış ATƏT-in Minsk qrupuna 11 üzv dövlət daxildir. Üç dövlət - ABŞ, Rusiya və Fransa Minsk qrupuna həmsədrlik edir. Türkiyə 1992-ci ildən bəri qrupa üzv dövlətlər arasındadır. Türkiyə Azərbaycanla sıx əlaqələri olan dövlətdir. Həmçinin Türkiyə region ölkələrindəndir, Cənubi Qafqaz coğrafiyasına aid dövlətdir. Cənubi Qafqazdakı problemlər, oradakı müharibələr Türkiyənin təhlükəsizliyinə də təsir edir. Buna görə də qardaş Türkiyənin müharibədən sonrakı mərhələdə daha fəal iştirakında israr edirik. Ermənistan buna etiraz etsə də, bu vacibdir”.

Münaqişənin həllində Rusiya-Türkiyə-İran vasitəçiliyi formatında danışıqlara dair təkliflə bağlı suala cavabında Prezidentin köməkçisi deyib ki, Minsk formatı qalır, onu ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur.

“Lakin biz bu prosesi daha da inkişaf etdirmək istəyirik. Bütün müharibələrdə görünüb ki, region ölkələrinin prosesdə iştirakı faydalıdır. Başa düşürük ki, İran, Rusiya, Türkiyə baş verən hadisələrin ölkələrinə təsirindən çəkinirlər. Ona görə də Minsk qrupu ilə paralel olaraq, bizimlə yaxşı əlaqələri olan İran, Rusiya və Türkiyənin iştirakı ilə başqa qrupların fəaliyyəti faydalı ola və Cənubi Qafqazda möhkəm sülhün yaranmasına gətirib çıxara bilər”.