“Minsk Qrupunu Fransa, ABŞ və Aİ dəfn edib”

minsk-qrupunu-fransa-abs-ve-ai-defn-edib
Oxunma sayı: 1912

“Qərb dövlətləri ATƏT-in Minsk Qrupunu dağıtdıqdan sonra Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaqla bağlı vasitəçilik səylərinə müdaxilə etməyə çalışırlar”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsində hər iki tərəfə kömək edəcək. Qərb Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Vaşinqton və Paris vasitəsilə rəsmi olaraq bəyan edib ki, onlar heç harda, heç bir formatda Rusiya ilə əməkdaşlıq etməyəcəklər. Bununla da ATƏT-in Minsk Qrupunun fəaliyyətinin başa çatdığını bildirdilər. Buna görə də bizim erməni həmkarlarımız bəzən bu Minsk Qrupunu xatırlayanda, biz onlara deyirik ki, bu sualı ABŞ və Fransaya ünvanlasınlar. Əlbəttə ki, bu sual, həmçinin Azərbaycana da ünvanlanmalıdır. Çünki Azərbaycanın iştirakı olmadan hər hansı vasitəçilik missiyası mənasızdır”, - deyə Lavrov qeyd edib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, indi fransızlar, amerikalılar və Avropa İttifaqı vasitəçilik xidmətlərinə müdaxilə etməklə özlərinin dəfn etdiyi Minsk Qrupunu kompensasiya etməyə çalışırlar: “Məsələn, onlar Brüsseldə delimitasiya komissiyasının iclasını keçirirlər. Ermənilər və azərbaycanlılar mədəni insanlardır, ora gedirlər. Lakin mənə təsəvvür etmək çətindir, keçmiş sovet respublikalarının yalnızca Rusiyanın Baş Qərargahında mövcud olan xəritələri olmadan delimitasiya məsələsini necə müzakirə etmək olar”.