Mirhəsən Seyidov növbəti səyyar qəbul keçirdi - Fotolar

mirhesen-seyidov-novbeti-seyyar-qebul-kecirdi
Oxunma sayı: 3651

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Qaçaqkənd kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.   

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala RİH başçısı Mirhəsən Seyidov, qurumun məsul şəxsləri və kənd sakinləri iştirak edib.

Qaçaqkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan şəhid xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

Görüşdə çıxış edən Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsi, müharibədə iştirak edən vətən oğullarının igidliyi, döyüş yolu, sentyabrın 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsi, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunması, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimiz və yaralanan hərbiçilərimiz haqqında məlumat verib.

Səyyar qəbulda özünəməşğulluq proqramı, suvarma suyunda yaranan çətinlik, qəyyumluq, internet xətlərinin çəkilməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.