Bu arada “Qafqazinfo”nun 2012-ci ildə Rauf Mirqədirovun Azərbaycanın tərk etməsi ilə bağlı apardığı kiçik araşdrıma yazısı yada düşür. Həmin araşdırmanı yenidən oxuculara təqdim edirik və onun ölkədən müəmmalı gedişinin yazıda bəzi məqamlarda əks olunduğunu düşünürük:
***
Azərbaycan jurnalistikasının ən ünlü imzalarından biri sayılan Rauf Mirqədirov artıq iki ilə yaxındır ki, ölkəni tərk edib. Daha çox rusdilli medialarda, xüsusi ilə də “Zerkalo” qəzetində çalışan jurnalist mətbuatda əsasən siyasi mövzularda təhlillər yazıb.
“Qafqazinfo” R. Mirqədirov kimi istedadlı bir jurnalistin hansı səbəbdən ölkədən getməsi ilə maraqlanıb. Bununla bağlı kiçik bir araşdırma aparıb. Mirqədirovla uzun illər çiyin-çiyinə işləmiş Azər Rəşidoğlu “Qafqazinfo”ya bildiklərini danışıb. A. Rəşidoğlu deyib ki, Rauf hazırda Türkiyədə yaşayır: “Onun Türkiyəyə getməsi şəxsi problemləri ilə bağlıdır və bu problemlər barədə mətbuata ancaq özü açıqlama verə bilər. Buna baxmayaraq, Rauf Mirqədirov Azərbaycan mətbuatından kənarda deyil, mütəmadi olaraq “Zerkalo” qəzetinə yazılar yazır. Türkiyədə olan əməkdaş kimi orada Azərbaycanla bağlı cərəyan edən prosesləri “Zerkalo” qəzetində işıqlandırır. Azərbaycanın daxilində baş verənlər, xüsusilə də Qarabağ münaqişəsi ilə bağlı yazıları qəzetdə çıxır. Onun Azərbaycanda olmaması digər mətbuat orqanlarında onun yazılarına, şərhlərinə rast gəlinməməsi ilə nəticələnib. Bu səbəbdən bəziləri düşünürlər ki, Rauf ümumiyyətlə mətbuatdan gedib. Amma “Zerkalo” qəzetini izləyənləri bilirlər ki, hər gün orada Raufun yazıları çıxır. Əgər o burada yaşasaydı, Azərbaycanda jurnalistika fəaliyyəti ilə məşğul olsaydı yazıları ilə daha çox mətbuat orqanlarında çıxış edə bilərdi. Azərbaycanın siyasi jurnalistikasında Rauf Mirqədirov ən güclü imza sahibidir və müstəqil fikirlərinə, dərin analizlərinə görə, onunla müqayisə olunacaq ikini bir şəxs yoxdur” .
A. Rəşidoğlu deyir ki, onun getməsi Azərbaycan üçün böyük itkidir. A. Rəşidoğlu son vaxtlar uzun müddət çalışdıqları “Zerkalo”dan bir çox ciddi imzaların getdiyini, bunun əsas səbəblərindən birinin isə bu mətbuat orqanındakı maddi çətinliklərlə bağlı olduğunu deyib: “Mən də daxil olmaqla bir çox ciddi imzalar qəzetdən ayrılıb. Lakin Raufun gedişinin ayrı səbəbləri var”.
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə “Qafqazinfo”ya açıqlamasında deyib ki, Rauf Mirqədirovu qəzetin Türkiyə təmsilçisi kimi bu ölkəyə yola salıb: “O, qəzetin Türkiyə üzrə təmsilçisidir. Mütəmadi olaraq da yazıları çap edilir. Heç bir ölkədən getmədən söhbət gedə bilməz” .
Baş redaktor jurnalistin getmədiyini bunu qətiyyətlə israr etsə də, etiraf etmək lazımdır ki, Mirqədirov kimi imzanın sırf Türkiyə təmsilçiliyi üçün Azərbaycandan getməsinə inanmaq sadəlövhlük olardı.
Məsələyə aydınlıq gətirmək üçün R. Mirqədirovu da axtarıb tapdıq. Onunla elektron poçt vasitəsi ilə əlaqə saxladıq. Mövzu ilə bağlı yazdığımız suallara isə cavabını olduğu kimi təqdim edirik:
“Elbrus bəy, salam! Suallarınıza cavab verirəm. Mümkün qədər səmimi olmağa çalışdım.
Əvvəla, bir jurnalist kimi mənim Azərbaycanı tərk etdiyimi iddia etmək düzgün olmazdı. Bildiyiniz kimi mənim yazılarım demək olar ki, hər gün "Zerkalo" qəzetində çıxır. Özü də bu yazılarda mən yalnız Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyətini deyil, həm də Azərbaycanın iç və dış siyasətini də dəyərləndirirəm.
İkincisi, Azərbaycanda fərqli və müxalif düşünənlərə münasibəti, məncə, Əli Həsənovdan yaxşı ifadə edən olmadı. O, bu yaxınlarda bəyan etdi ki, bu tip insanların ətrafında "ictimai nifrət atmosferi yaratmaq lazımdır ki, onlar hətta küçəyə belə çıxa bilməsinlər". Mən 25 ilə yaxındır ki, bu məsləkə xidmət edirəm. Bu illər ərzində, o cümlədən Sovetlər Birliyinin mövcud olduğu dönəmdə, yalnız və yalnız müxalif və müstəqil qəzetlərdə çalışmışam. 20 ildən artıq bir dövr ərzində "ictimai nifrət atmosferində" çalışmaq insanı yorur. Axı söhbət yalnız fiziki, hüquqi təzyiqlərdən deyil, həm də mənəvi terrordan gedir. Hesab edə bilərsiniz ki, redaksiya məni özünün Türkiyə təmsilçisi təyin etməklə, bu mənəvi sıxıntıdan azad olmaq üçün şərait yaradıb. Üçüncüsü, ədalət naminə etiraf etməliyəm ki, Azərbaycanı bir müddət tərk etməyimin şəxsi səbəbləri də var. Bütün bu səbəblərdən nə vaxt qayıdacağımı deyə bilmərəm .
İlk nəzərdə, Azərbaycan kimi informasiya əldə etmək imkanları məhdud olan ölkələrdə təhlili jurnalistika üçün geniş imkanlar yaranır. Lakin Azərbaycanda analitik jurnalistikanın inkişafını məhdudlaşdıran ciddi amillər var. Əvvəla, iqtidar insanların cəmiyyətdə mövcud problemlərin üzərində düşünməsində maraqlı deyil. Cəmiyyəti ümumiyyətlə düşünmə qabiliyyətindən məhrum etmək istəyirlər. Bunun üçün klassik "çörək və əyləncə" siyasəti həyata keçirilir. İkincisi, yaşam perspektivinin olmaması müstəqil təhlili jurnalistikanın inkişafına mane olur. Bir çox həmkarlarım açıq etiraf edirlər ki, onlara yazdıqları üçün deyil, yazmadıqları üçün sosial problemlərinin həllində yardımçı olurlar. Hətta üfüqdə belə perspektiv görünmədiyi bir şəraitdə onları qınamaq çox çətindir.
Və nəhayət, jurnalistlərin bir çoxu, haqqında bir az əvvəl danışdığım, "ictimai nifrət atmosferində" yaşamaqdan, bu həyatı öz yaxınlarına yaşatmaqdan qorxurlar. Bu həyatı onlara yaşatmaq istəmirlər.
Böyük hörmətlə, Rauf Mirqədirov”
Sonda hər hansı səbəbdən olursa olsun düşünürük ki, R. Mirqədirov kimi ciddi bir Azərbaycan jurnalistinin ölkəni tərk etməsi yolverilməzdir.
07.06.12