Mirşahin liderlərə efir qadağasına izah verdi

mirsahin-liderlere-efir-qadagasina-izah-verdi
Oxunma sayı: 649

Artıq uzun müddətdir ki, ANS telekanalının efirində “Ən yeni tarix” teleensiklopediyası silsiləsindən verilişlər davam edir. Telekanalın vitse-prezidenti Mirşahin Ağayevin aparıcısı olduğu proqramda Azərbaycanda ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərin əvvəllərində baş verən milli-azadlıq hərəkatı müzakirə olunur.

Bu zaman tarixi faktlar səslənir, videokadrlar göstərilir, hazırda həyatda olan və o dövrdə xalq hərəkatında fəal şəkildə iştirak edən siyasətçilər qonaq qismində dəvət olunur. Aparıcı onlarla birlikdə tarixi prosesləri araşdırmağa çalışır. Məsələn, verilişin dekabrda hazırlanan növbəti buraxılışında 1992-ci il, 14-15 may hadisələri araşdırılıb. Anspress.com saytının məlumatına görə, həmin proqramda prezident Ayaz Mütəllibovun öz postundan kənarlaşdırılması, AXC-nin hakimiyyətə gəlişinin təfərrüatları həmin hadisələrin iştirakçılarının müzakirələrə qatılması ilə müzakirə olunub. Verilişin qonaqları keçmiş prezident Ayaz Mütəllibov (telefonla qatılıb), sabiq müdafiə naziri Rəhim Qazıyev, o zamanlar daxili işlər naziri olmuş və Milli Məclisə yürüşün önündə getmiş İsgəndər Həmidov və başqalarıdır.
Ancaq maraqlıdır ki, telekanalın bu verilişlərində müxalifət liderləri, həmin dövrdə azadlıq hərəkatının önündə olmuş insanlar görünmür. Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, eləcə də partiya üzvü olan və olmayan, ancaq hərəkat dövründə ön cərgədə olan insanlar ANS-dəki verilişə dəvət olunmur. Qeyd edək ki, bəzi iddialara görə, bu məsələdə ANS-ə “yuxarılar”dan qadağa var. Oxucularımızdan da bu mövzuda suallar aldığımız üçün məsələni həmin verilişin müəllifinin özü ilə aydınlaşdırmaq qərarına gəldik.
ANS Şirkətlər Qrupunun vitse-prezidenti və “Ən yeni tarix” tok-şousunun aparıcısı Mirşahin Ağayev milli-azadlıq hərəkatı liderlərini verilişə dəvət etməyi hələlik düşünmür. Verilişə kimləri dəvət etməklə bağlı özünün qərar verdiyini deyən müəllif bu günə qədər bəzi hərəkatçıların dəvət olunduğunu qeyd etdi: “Bu verilişlər əsas məqsədi xalq hərəkatı liderlərini göstərmək deyil, o dövrün hadisələri barədə məlumat verməkdir. Həmin hadisələrdə birinci mövqedə olsa da, bəzi proseslərdə sadə iştirakçı kimi olsa da mən özüm də o proseslərdə iştirak eləmişəm. Mən nə zaman hesab eləsəm ki, burada siyasi liderlər lazımdır, onda onları da dəvət edəcəyəm. Amma yenə də deyirəm ki, verilişlərimdə milli-azadlıq hərəkatının bir çox liderləri, o cümlədən Pənah Hüseyn, İsgəndər Həmidov, Rəhim Qazıyev, Leyla Yunus iştirak edib. Eyni zamanda digərlərinin də vaxtı çatdıqca dəvət olunacaq”.
M.Ağayev müxalifət liderlərini verilişinə dəvət etməsini istisna etmir: “Yenə deyirəm, verilişin hazırlanma prosesini mən müəyyən edirəm. Verilişin xarakterindən asılı olur ki, biz ora siyasi liderləri dəvət etmək haqda düşünürük. Əgər ehtiyac olursa, o zaman dəvət olunacaq adamları müəyyən edirik”.

musavat.com