“Mırt” obyektləri

mirt-obyektleri
Oxunma sayı: 2964


Bir dəfə istedadsız, lovğa bir şair «Gələcək nəsillərə» adlı əsərini oxumaq üçün Volterə göndərir. Bir müddətdən sonra o, Volterdən əsəri haqda nə düşündüyünü soruşur. Volter deyir: “Heç nə düşünmürəm. Lakin mənə belə gəlir ki, əsəriniz öz ünvanına yetişməyəcək.” Bəlkə də həmin şair istedadsız olduğunu anlayaraq özünü başqa işdə sınayıb. Və həmin işin ustası olub... Əgər Volterin sözlərindən nəticə çıxarmayıb, yazmağa davam edibsə, o zaman göründüyü kimi, tarix onu yaşatmayıb... Başqa bir misal: gənc bir rəssam Mentselin yanına gəlib çəkdiyi rəsmi ona göstərir: “Maestro! Hanı ədalət? Bu rəsmi mən bir günə çəkmişəm, lakin bir ildir ki, onu sata bilmirəm!” Rəssam Mentsel deyir: “Dostum, əgər siz bu rəsmi bir ilə çəksəydiniz, yəqin ki, onu bircə günə sata bilərdiniz”.

Belə misallardan çox çəkmək olar. Belə adamlar çoxdur. Ona görə ki, tarix, istedadlı olmaqla yanaşı ədalət hissini qorumağı bacaran adama öz səhifəsində daha geniş yer ayırır.

***

Səsi olmayan müğənniləri, mahnı yaza bilməyən bəstəkarları, şeir yaza bilməyən şairləri qınayarıq. Amma onları bu yola sürükləyən ədalətsiz, vicdansız adamları qınamarıq. Çünki bu adamlar bir növ katalizator rolunu oynayar. Yaltaqlıqdan tutmuş təlxəkliyə qədər, nə desən, bacararlar. İşləri aşar o müğənnilərdən, bəstəkarlardan, şairlərdən. Yalandan tərifləyərlər. Onları potensiallı, istedadlı olduqlarına inandırarlar. Yetər ki həmin istedadsızların səxavət torbası yekə olsun. Açsınlar ağzını, həşərat xislətli insanlar özləri toplaşacaq başına. Partlayana kimi yeyəcək, içəcəklər. Eynilə Rüstəm bəyin Məşədi İbad üçün təşkil etdiyi ziyafətdəki həşəratlar kimi. Həmin adamdan yeni bir “mırt” obyekti-“Moşu” düzəldib buraxacaqlar dövriyyəyə. Sonra da lağa qoyub güləcəklər.

O əbləh də özünü buna inandıracaq ki, bəs filan-filan adamlar mənim istedadlı olduğumu deyir, deməli istedadlıyam. Daha fikirləşməyəcək ki, həmin adamların ondan hər hansı şəkildə işi keçir.

***

Görəsən,insanın zahiri və xarici aləmində daha hansı dəyişiklik olmalıdır ki, özünü bu cür həşəratların sözünə inandırsın?!

Əcəba, qulaqlarımı uzansa...?