Cütlük davamlı şəkildə izlənilib, hədələnib, müxtəlif nömrələrdən telefon zəngləri edilərək narahat ediliblər. Oğlana Mirzə Sakitin qızı ilə evlənməmək üçün təzyiqlər və müntəzəm xəbərdarlıq edilib: “Qızım Ülviyyə Raufla ailə qurandan sonra kürəkənimə çox ciddi şəkildə təzyiqlər oldu, çünki kürəkənim dövlət məmurunun cangüdəni idi, onu daim hədələyirdilər. Hətta qızıma elçi gələn gün oğlan evi bizdən çıxandan sonra avtomobillərinin üstündə məktublar görüblər.
Məktubda yazılmışdı ki, siz xalq düşməninin qızına elçi gəlmisiniz. Yazılmışdı ki, nahaq bu adamın qızına elçi gəlmisiniz, nə qədər ki, başınız salamatdır, onun qızından imtina edin, yoxsa sizə söz veririk ki, axırınız yaxşı qurtarmayacaq. Oğlan evi bu məktubu oxusa da, əhəmiyyət verməmişdi.
Toydan sonra da kürəkənimə intensiv zənglər oldu, o da məcbur olub ölkədən çıxdı. Kürəkənim nazirlərdən birinə yaxın adamın cangüdəni idi, onun qarşısında şərt qoymuşdular ki, ya boşansın, ya da hər şeyə hazır olsun. Onu mənəvi və fiziki təzyiqlərlə hədələmişdilər, təhdidlərin olacağını bildirmişdilər. Evimə tez-tez hədələyici zənglər olub, qızımın və kürəkənimin mobil nömrələrinə də dəfələrlə təhqirlər və hədələr gəlib. Bundan başqa, mənim Belçikadakı telefon nömrəmə dəfələrlə zənglər olub.
Bakıdakı uşaqlarımı təhlükə gözlədiyini bildiriblər və deyiblər ki, elə bilmə sosial şəbəkələrdə yazdıqlarından xəbərsizik, lazım olan vaxt qızını da, arvadını da, nəvəni də oğurlayıb başlarına oyun açarıq. Bakıdakı evimin qabağına dəfələrlə şübhəli maşınlar gəlib, yoldaşım, uşaqlarım mağazaya, yaxud da qohumlarımgilə gedərkən açıq şəkildə izləniblər”.
M.Sakitin kürəkəni Rauf İsmayılov özü isə əməkdaşımıza açıqlamasında bildirib ki, sevdiyi qıza elçi gedən gündən ona qarşı davamlı təhdidlər başlanıb: “Elçiliklə nişan evdə idi və eyni gündə keçirdik. Həmin gün bizim bütün maşınlarımızın üstündə eyni məzmunlu məktub vardı, orada Ülviyyənin atasının vətən xaini, xalq düşməni olduğu bildirilir və bizim nişandan vaz keçməyimiz tələb olunurdu.
Bu, açıq hədə idi. Bizə bildirirdilər ki, bu ailə ilə qohumluğun axırı yaxşı olmayacaq. Biz evləndikdən sonra da hədələr davam etdi və çoxaldı. Mobil nömrələrimizi haradansa tapıb zəng edirdilər, müxtəlif adamlar idi, davamlı şəkildə yığıb təhdid, təhqir edirdilər, bizimlə bağlı təhqiramiz ifadələr işlədirdilər. Hətta bazara gedəndə belə izlənilirdik. Bu, açıq şəkildə edilirdi. Mən cangüdən idim, işimi itirəcəyimlə hədələnirdim, şərlənib həbs ediləcəyimlə hədələnirdim, Sədərək bazarında yerim var idi, orada dükan işlədirdim, oradan da qovdular, təzyiq etdilər və oradakı işimi də itirdim”.
musavat.com
Son xəbərlər
Son Xəbərlər