Mirzə Şəfi Vazehlə bağlı toplantı keçirilib

mirze-sefi-vazehle-bagli-toplanti-kecirilib
Oxunma sayı: 676


“Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncağı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq ölkə başçısı cənab İlham Əliyevin Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyi ilə bağlı imzaladığı sərəncamdan irəli gələn vəzifələrdən danışıb, ötən müddət ərzində bu istiqamətdə görülən işləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Sonra şəhərdə keçiriləcək yubiley tədbirləri ilə əlaqədar yaradılmış təşkilat komissiyasının sədri, AMEA-nın Gəncə bölməsinin akademik katibi, akademik  Fuad Əliyevin görülən işlər barədə məlumatı dinlənilib.

Bildirilib ki, Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşadan və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən Mirzə Şəfi Vazehin yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutur. Elə bu baxımdan onun yaradıcılığı dünya miqyasında öyrənilərək tədqiq edilib. Lakin respublika prezidentinin müvafiq sərəncamı ilə bu il keçiriləcək 220 illik yubiley tədbirləri ərəfəsində görkəmli şairin irsi daha geniş öyrənilməyə başlanılıb və bu sahədə uğurlu addımlar atılıb. Yubiley tədbirlərinə hazırlıq işləri çərçivəsində şairin Vətəni Gəncədə də xeyli iş görülüb. Sərəncam imzalandığı gündən indiyədək şəhər icra hakimiyyətinin təşəbbüsü ilə şairin Almaniya muzeylərində saxlanan 256 ədəd əlyazmasının surəti, həmçinin Mirzə Şəfi Vazehin Avropanın müxtəlif şəhərlərində saxlanan nəğmələrinin notları gətirilib, 11-dən artıq monoqrafiyası çap edilib.