Mirziyoyev Nukusdakı iğtişaşlarda xarici qüvvələri günahlandırır

mirziyoyev-nukusdaki-igtisaslarda-xarici-quvveleri-gunahlandirir
Oxunma sayı: 1740

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukusda baş verən iğtişaşların xarici qüvvələr tərəfindən hazırlandığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

 “Əlbəttə ki, bu tədbirlər bir günə, on günə hazırlanmayıb. Bu aksiyalar illərdir xarici qüvvələr tərəfindən hazırlanıb. Onların əsas məqsədi Özbəkistanın ərazi bütövlüyünə qəsd etmək və millətlərarası münaqişə yaratmaqdır”, - deyə Mirziyoyev bildirib.

Özbəkistan Prezidenti qeyd edib ki, hazırda Qaraqalpaqıstanda vəziyyət sabitdir:

“Əsas odur ki, əhali əmin-amanlıqdadır. İqtisadiyyatın bütün sahələri, eləcə də xidmət sahələri normal rejimdə işləyir”.

Qeyd edək ki, iyulun 1-də Qaraqalpaqıstanın paytaxtı Nukusda Özbəkistan Konstitusiyasına dəyişikliklərlə bağlı etiraz aksiyaları keçirilib. Məlumata görə, bölgənin hakimiyyət orqanlarını ələ keçirməyə cəhd edən iğtişaşların təşkilatçıları saxlanılıb. Daha sonra iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqstanda fövqəladə vəziyyət, habelə komendant saatı tətbiq edilib.

Özbəkistan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qaraqalpaqıstanda ictimai asayiş bərpa olunub, iğtişaşlar zamanı 18 nəfər həlak olub, 243 nəfər yaralanıb, 516 nəfər saxlanılıb.

Bazar ertəsi Özbəkistan Parlamenti etirazçıların israr etdiyi kimi Qaraqalpaqıstanın suverenliyini nəzərdə tutan statusunun saxlanmasına qərar verib.