Sentyabrın 26-da "MKT İstehsalat Kommersiya" MMC və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) kənd təsərrüfatı sahəsində kadr hazırlığı və elmi-tədqiqat işlərinin inkişafına dəstək məqsədilə əməkdaşlıq Memorandumu imzalayıblar.
İmzalanma mərasimində "MKT İstehsalat Kommersiya" MMC-nin İdarə Heyətinin sədri Rövşən Mahmudov, İnsan Resursları direktoru Azər Sadıqov və MKT Akademiyasının rəhbəri Abbas Abbasov iştirak ediblər. Onlar ADAU rektoru Zəfər Qurbanovla görüş keçirərək, universitetin tədris proqramları, beynəlxalq əlaqələri və tələbələrin təcrübi biliklərinin artırılması üçün görülən işlərlə bağlı məlumat alıblar. Zəfər Qurbanov ADAU-nun kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasında yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın vacibliyini vurğulayıb.
Əməkdaşlıq memorandumunun məqsədi, aqronomluq, mühəndislik və energetika kimi sahələrdə tərəflər arasında əlaqələri möhkəmləndirmək, tələbələr üçün praktiki təcrübə imkanları yaratmaq və onların peşəkar inkişafına dəstək verməkdir.
Memorandumun imzalanmasından sonra "MKT İstehsalat Kommersiya" MMC-nin nümayəndələri ADAU ərazisində yaradılan və Koordinasiya Mərkəzi kimi fəaliyyət göstərəcək yeni infrastrukturu ziyarət ediblər. Bu mərkəz vasitəsilə tələbələr gələcək layihələrə cəlb olunaraq, təhsil müddətində təcrübi biliklərini genişləndirəcəklər.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir - https://www.mktcotton.com/.