“Mobil nömrə daşınması” sistemini kim ləngidir?

mobil-nomre-dasinmasi-sistemini-kim-lengidir-
Oxunma sayı: 660

Bu sistem ümumi telefon şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (nömrənin əvvəlindəki ikirəqəmli kod ilə birlikdə) həmin abunəçiyə xidmət göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.

Xidmətin əsas məqsədi mövcud telekom bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.

Hazırda dünyanın əksər ölkələrində nömrə daşınması xidmətləri uğurla tətbiq olunur. Nömrə daşınması xidmətinin tətbiqi dünya ölkələrində İKT sahəsinin inkişafının prioritet göstəricisi kimi qəbul olunur.

Ölkəmizdə də bu xidmətin tətbiqi ilə bağlı aparılan araşdırmalardan məlum oldu ki, mobil nömrələrin daşınması üçün tələb olunan texniki avadanlıqlar quraşdırılmış, onlar üzərində test-sınaq işləri aparılaraq başa çatdırılmışdır.

Məlumat üçün qeyd edirik ki, ölkəmizdə fəaliyyət göstərən hər 3 mobil operatorun “Azercell” , “Bakcell” və “Narmobile” şirkətlərinin qeyd olunan xidmətin tətbiqində birgə iştirakı mütləqdir.

Lakin, əldə etdiyimiz məlumatlara görə “Bakcell” və “Narmobile” xidmətin tətbiqinə hazır olsalar da, məsələ “Azercell” şirkəti tərəfindən ləngidilir ki, bu da mobil nömrə daşınmasının respublikamızda tətbiqini gecikdirir və milyonlarla abunəçilərin bu xidmətdən yararlanmasının qarşısını alır.

Qeyd olunan məsələ ilə bağlı “Azercell” şirkətindən məlumat almaq istəsək də cəhdlərimiz hələ ki, baş tutmadı. Bu barədə araşdırmalarımız davam etdirilir.