“Moderna” koronavirusun yeni növünə qarşı peyvənd hazırladı

“Moderna” koronavirusun yeni növünə qarşı peyvənd hazırladı
Oxunma sayı: 1405

ABŞ-ın “Moderna” şirkəti koronavirusun Cənubi Afrika növünə qarşı yenilənmiş vaksin versiyasını inkişaf etdirdiyini və klinik tədqiqatlar üçün ABŞ Milli Səhiyyə İnstitutuna göndərdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.

““Moderna” ilk Cənubi Afrikada təsbit edilmiş “B.1.351” olaraq bilinən “SARS-CoV-2” növünə qarşı inkişaf etdirdiyi “mRNA-1273.351” spesifik peyvənd namizədinin istehsalını tamamlayıb və 1-ci mərhələ klinik sınaqlar üçün Milli Səhiyyə İnstitutuna göndərib”,- deyə açıqlamada qeyd olunub.

Yenilənmiş vaksin artıq peyvənd olunmuş insanlar üçün gücləndirici rol oynamaqla yanaşı, koronavirusa yoluxmamış və peyvənd olunmamış şəxslərə də ilk peyvənd kimi vurula bilər.

Yenilənmiş peyvəndin nə vaxt ümumi istifadəyə veriləcəyi barədə məlumat yoxdur.

Xatırladaq ki, keçən ilin sonları Böyük Britaniya, Cənubi Afrika və Braziliyada koronavirusun yeni növləri aşkarlanmışdı. Alimlər bunlardan bəzilərinin əsas növdən daha yoluxucu olduğunu açıqlamışdılar.