Möhkəm təməl üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətləri...

mohkem-temel-uzerinde-qurulmus-strateji-terefdasliq-munasibetleri
Oxunma sayı: 1895

“Tarixi Zəfərimizdən sonra Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha yüksələn xətlə inkişafı ilə diqqətdədir. Bu mühüm məqam da daim xüsusi qeyd edilir ki, 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Kimin   haqqın, ədalətin, kimin isə təcavüzkarın yanında olduğunu nümayiş etdirdi. Müharibənin başlandığı ilk gündən qardaş Türkiyə ilə yanaşı, Pakistanın da Azərbaycanın yanında olduğu, siyasi və mənəvi dəstək göstərdiyi dünyanın diqqətində oldu. Hər yerdə Azərbaycan, Türkiyə və Pakistan bayraqları birgə dalğalandı. Bu, dostluğun, qardaşlığın təqdimatı idi”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri VI çağırış Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M. Həsənov qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan  dövlətlərdən biri olub:

“İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə  qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ildə Pakistanın Bakıda, 1997-ci ilində isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. Münasibətlərin inkişafında qarşılıqlı səfərlər və imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu səfərin önəmini “Səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir” fikirləri ilə ifadə etdi. Möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır və hər iki tərəf bu əməkdaşlığın daha da möhkəmlənməsində, bütün sahələr üzrə inkişafında maraqlıdır.  Məhəmməd Şahbaz Şərif bu dostluğun sözdə deyil, əməldə öz təsdiqini tapdığını, sarsılmazlığını “Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq” çağırışı ilə də diqqətə çatdırdı”.

O vurğulayıb ki, Azərbaycan-Pakistan əməkdaşlığında dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur.

Malik Həsənov bildirib ki, dövlət başçısı İlham Əliyevin Pakistana dövlət səfəri münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcı oldu:

“Bu günlərdə Astanada “ŞƏT plyus” formatında Zirvə görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüş çox önəmlidir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi və həmin görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir. Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə imkan verir”.

Malik Həsənov qeyd etdiklərinin fonunda belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan-Pakistan münasibətləri dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın  nümunəsidir.