Haiti Prezidenti Jovenel Moizin qətlində əli olan bir neçə nəfər əvvəllər ABŞ hüquq-mühafizə orqanlarının informatoru olub.
Bu barədə “Qafqazinfo” CNN telekanalına istinadən xəbər verir.
Onun mənbələrinin sözlərinə görə, baş verən hadisəni araşdıran müstəntiqlər belə nəticəyə gəlib. Materialda qeyd olunur ki, ABŞ Narkotiklərlə Mübarizə İdarəsi öz bəyanatında şübhəlilərdən birinin vaxtaşırı qurumun əməkdaşları üçün məxfi informasiya mənbəyi olduğunu təsdiqləyib.
Bəyanatda bildirilir ki, Moizin qətlindən sonra həmin informator idarə əməkdaşları ilə əlaqə saxlayıb. Onlar onu yerli hakimiyyət orqanlarına təslim olmağa çağırıb, həmçinin Haitidə olan rəsmiləri bu təmaslar barədə məlumatlandırıb. İdarədə əlavə ediblər ki, nəticədə sözügedən informator, həmçinin daha bir şübhəli Haiti hakimiyyət orqanlarına təslim olublar. ABŞ rəsmiləri bildirib ki, Moizə hücum edənlər idarə nümayəndələri olmayıb.
Telekanalın mənbələri iddia edir ki, şübhəlilərin arasında əvvəllər ABŞ Federal Tədqiqatlar Bürosunun (FTB) informatoru olmuş şəxslər də var. FTB nümayəndələri bununla bağlı şərh verməkdən imtina ediblər. Onlar bəyan ediblər ki, araşdırmalar zamanı kəşfiyyat məlumatlarının toplanması üçün qanuni mənbələrdən istifadə edirlər.
Materialda deyilir ki, hücumda iştirak edənlərin bəziləri Florida ştatında yerləşən təhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkət tərəfindən işə götürülmüş kolumbiyalı muzdlular olub. Qeyd olunur ki, Moizə qarşı hücumun qismən ABŞ-da hazırlana biləcəyini göstərən daha çox məlumat üzə çıxır.
Qeyd edək ki, J. Moiz və həyat yoldaşı iyulun 7-də prezident iqamətgahına hücum nəticəsində öldürülüblər. Bundan sonra Nazirlər Şurası republikada 15 günlük hərbi vəziyyət elan edib.
Son xəbərlər
Son Xəbərlər