Xəbər verdiyimiz kimi, iyulun 11-də Moldovada növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə “Fəaliyyət və həmrəylik” partiyası liderlik edir.
“Qafqazinfo” ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, seçkilərdə əsas rəqabət Moldovanın cari Prezidenti Maya Sandunun əvvəllər rəhbərlik etdiyi “Fəaliyyət və həmrəylik” partiyası ilə ölkənin keçmiş Prezidentləri - İqor Dodon və Vladimir Voroninin başçılıq etdiyi “Kommunistlər və sosialistlərin seçki bloku” arasında aparılıb.
Komissiya bildirir ki, seçki məntəqələrinin 97.30 %-nin səslərinin hesablanmasına görə, “Fəaliyyət və həmrəylik” partiyası səslərin 48.39 %-ni, “Kommunistlər və sosialistlərin seçki bloku” isə 29.23 %-ni toplayıb. “Şor” partiyası isə 6.15 % səs toplaya bilib.
Ekpsertlərin fikrincə, 5 %-lik baryeri keçə bilməyən partiyaların səsləri “Fəaliyyət və həmrəylik” partiyasına keçərsə, o, parlamentdə üstünlük qazana biləcək.
Qeyd edək ki, seçkilərdə 20 partiya, 2 seçki bloku və 1 müstəqil namizəd mübarizə aparıb.
Yeni parlament isə avqustun 27-də öz işinə başlamalıdır.
***
“TASS”ın verdiyi məlumata əsasən, ümumi bülletenlərin 99.58 %-nin nəticələrinə görə, Maya Sandunu dəstəkləyən “Fəaliyyət və həmrəylik” partiyası səslərin 52.53 %-ni toplaya bilib. Bunun sayəsində partiya müstəqil olaraq hökuməti qura biləcək.
Bununla belə, “Kommunistlər və sosialistlərin seçki bloku” səslərin 27.36 %-ni, regional “Şor” partiyası isə 5.78 %-ni qazanıb.
Son xəbərlər
Son Xəbərlər