Moldovanın müvəqqəti işlər vəkili buna görə Rusiya XİN-ə çağırıldı

moldovanin-muveqqeti-isler-vekili-buna-gore-rusiya-xin-e-cagirildi
Oxunma sayı: 993

Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Aleksandr Ketraru Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, diplomat Moldovanın Ukrayna üçün F-16 təyyarələrinə ev sahibliyi etmək niyyətində olması ilə bağlı mətbuatda yayılan məlumatlarla əlaqədar çağırılıb.

Moldova Xarici İşlər Nazirliyi isə qırıcıların ölkə aerodromlarında yerləşdirilməsi ilə bağlı məlumatı təkzib edib:

“Təəssüf ki, Rusiya XİN internetdə yayılan saxta xəbərlərdən məlumat alır. Moldova Ukrayna üçün nəzərdə tutulan silah və hərbi texnikanı, o cümlədən təyyarələri qəbul etmir və qəbul etməyəcək. Moldova neytral dövlətdir və onun qurumları bundan sonra da neytrallıq prinsipinə riayət edəcək”.

Rəsmi Kişinyov həmçinin bu səpkili dezinformasiyaların yayılmasından təəssüfləndiyini bildirib.

Xatırladaq ki, Moldova Müdafiə Nazirliyi ilin əvvəlindən sosial şəbəkələrdə ölkə Prezidenti Maya Sandunun adından Moldova ərazisindən F16 qırıcılarının tranzitinə icazə verdiyi barədə yayılan məlumatları dəfələrlə təkzib edib.