“Qafqazinfo”nun Bizimyol.info-ya istinadən məlumatına görə, Azərbaycanda milyonlarla qiymətli kağızı olan səhmdar Vəzi Rəcəbovun müəssisəsini əlindən alıblar. Özünün dediyinə görə, "Gədəbəyaqrotexservis" Açıq Səhmdar Cəmiyyətində (ASC) 11.5 faiz payı varmış. Səhmləri 2008-ci ildə birjadan alıb. 5 il sonra, yəni keçən il məhkəmədən ona məktub gəlib ki, bəs bu səhmlər onu satan adamın özünə məxsus olmayıb, əslində guya başqasının adına rəsmiləşdirilməliymiş. 1998-ci ildə Əmlak Komitəsi birinin adına göndərib, Qiymətli Kağızlar Komitəsində sənədlər başqasının adına işlənib.
V.Rəcəbov: "Dedilər, guya texniki səhv olub. Mən o müəssisənin iclaslarına gedirdim, o adam da heç vaxt səhmlərinin məndə olduğunu demirdi. O, rəhmətə gedəndən sonra bu məsələ uşaqları tərəfindən qaldırılıb. Əslində səhmlər adına sənədləşdirilən adam onu Fond Birjasına satmışdı, mən də qiymətli kağızları oradan almışdım. Səhmlərə 46600 manat pul vermişəm. Ali Məhkəməyə qədər getdik, məni uduzdurdular. İndi dəyən zərərin ödənilməsi barədə əlavə iddia qaldırmalıyam. İki nəhəng komitənin "texniki səhvi" mənə baha-başa oturdu. Görün, necə gizli oyunlar var, belə oyunları görən adam təzədən bu bazara qayıdar? Mən bu bazardan küsməmişəm. Küsmək nədir ki? Sadəcə zəhləm gedir və iyrənirəm".
Türklər müəssisələrdə mənfəəti gözləmir, səhm alış-satışı ilə dolanırlar
Hazırda V.Rəcəbov Azərbaycandakı müəssisələrin səhmlərinə maraq göstərmir: "Azərbaycanda səhm bazarında normal sistem işləmədiyinə görə bizim kimi az səhmə malik olan minoritar payçıların vəziyyəti ağırdır. Bu gün biz iclaslara gedəndə hiss edirik ki, həqiqətən müəssisədə bir hüququmuz yoxdur. İstənilən məsələni 51 faizin sahibi həll edir, səsini verir, istədiyini alır. Əgər mən müəyyən təkliflər verirəmsə, deyirəmsə ki, "gəlin icarəni bu qiymətə yox, bu biri qiymətə verək, dividendi belə bölüşdürək", o, razı olmayandan sonra özümü öldürsəm də, səsi çox olanın təklifi keçir, mənim yox. İndi Türkiyənin qiymətli kağızları ilə məşğulam. Qonşu ölkədə belə bir sistem var ki, kiçik səhmdarları müəssisənin yığıncağına gözdən pərdə asmaq üçün dəvət edib yormurlar, 1-2 faiz səhmi olan səhmdarları iclaslara çağırmırlar. Çünki məsələni kiçik səhmdarlar həll etmirlər. Onları iclasa çağırsalar, nə edəcəklər ki? Yalnız söz sahibi olan səhmdarlar yığılır. Az sayda, lakin 10-20 faiz və daha yuxarı payı olan səhmdarlar bir araya gəlib məsələləri həll edirlər. Və Türkiyədə müəssisələrin səhmlərini mənfəətlə və ya ziyanla işlədiyinə görə almırlar. Səhmlərin gündəlik kotirovkası gedir, Fond Birjasında hər gün səhmlərin alış-satışı var. Tutaq ki, bu gün hansısa aviaşirkətin bir səhmi, yəni hissə sənədi 2 lirə 59 quruşa satılıb. Bir gün sonra baxırsız ki, hissə sənədləri qalxıb 2 lirə 71 quruşa çatıb. Bir həftə sonra görürsüz ki, artıq 3 lirədir. Mən həmin o hissə sənədlərini ucuz vaxtı alıram, bahalaşanda satdığım zaman 2-3 min manat xeyir götürürəm. Bizdə isə təəssüf ki, belə bir sistem yoxdur".
"Bu boyda yolu qonşu ölkəyə qazanca gedirəm..."
Cənab Rəcəbov deyir ki, qonşu ölkədə çox səhm almır, sadəcə kiçik bir hissə əldə edir: "Böyük hissələr alsam, daha çox faydalanaram. Amma mənim o qədər də böyük pulum olmadığından imkanlarım çərçivəsində işləyirəm. Riskə də çox getmək istəmirəm, aldığınız səhmlərin qiyməti düşə də bilər. Hələlik bazarı öyrənirəm. Türkiyənin səhm bazarı çox mürəkkəbdir. Hansı müəssisənin səhminin qiymətinin nə vaxt bahalaşdığı və ya nə zaman ucuzlaşacağını öyrənmək lazımdır. Orada daha bir maraqlı sistem də var. Tutaq ki, hansısa bir şirkətin 100 min səhmini satışa çıxarıblar. Brokerinizə komanda verirsiz, pul sərəncamı özündə olduğuna görə ödəniş edib həmin səhmi sizin hesabınıza keçirir. Səhm alınandan dəqiqələr sonra əlavə 200 səhm də satışa çıxarılır. Səhmləri haradan alıb satışa qoyduqlarını bilmirəm, amma bu məsələ çox maraqlıdır. Orada anonim şirkətlər, yəni səhmdar cəmiyyətləri qiymətli kağızlarını bazarda satmaqda maraqlıdır və səhmlərinin ticarətini aparır - həm alır, həm də satır. Bizdə hansı cəmiyyətə gedib deyə bilərsiz ki, 10 faiz səhmini satışa çıxartsın, biz alaq? Yerli bazarda birtərəflidir - alış var, satış yoxdur. Mən elan eləsəm ki, "Bakı Univermağı"nın səhmlərini 10-20 manatdan alıram, çıxarıb satın, səhm nəzarət paketi sahibi satmayacaq. Orada isə adi insanlar da brokerlə işləyir. Daha bizim kimi gəlib Qiymətli Kağızlar Komitəsində kiməsə tapşırmırlar, "bu mənim adamımdır, bunu al, bunu sat" demək yoxdur. Hazırda hava yolları, sement zavodları, dəri, tekstil sənayesinə maraq göstərirəm və həmin müəssisələrin səhmlərini alıram. Bunları da araşdırma apararaq "oynayıram", kor-koranə yox. Mən bu boyda yolu qonşu ölkəyə qazanca gedirəm, zərər etsəm, oralarda nə işim var"?
"Orada vergidənyayınmanın cəzası elə böyükdür ki..."
Müsahibim Azərbaycanda pul qazanmadığını deyir: "Burada nə qazanıram ki? İllik cəmi 25 min manat dividend götürürəm. Bu, qazancdır? Burada yatırdığım sərmayəni qonşu ölkədə qoysaydım, indi Türkiyənin multimilyonerlərindəndim.
Azərbaycanda dividend alıram, o da dava-qırğınla, müharibə ilə. Türkiyədə dividendə "oynamıram", səhm alış-satışı ilə işlərimi qururam. Orada səhmlərin illik "oyun"u var. Qəfildən təzyiq qalxır və ya aşağı enir. Ürəyin kardioqramı kimidir - səhmlərin də qiyməti birdən qalxır, birdən enir. Məsələn, il ərzində alış-satış arasında fərq 4-5 lirə ilə "oynayır", ilin axırında 1 lirə dividend gətirir. Elə müəssisələr də var ki, il boyu səhmlərində stabil qiymətlər müşahidə olunur, amma ilin sonunda hər səhmə 5 lirə dividend verir. Bizdə səhmlərin nominalı standart 2 manatdır, orada isə fərqli qiymətlərədir. Türkiyə nəhəng bazardır, uzun illərin təcrübəsindən çıxıb gəlib. Təkcə "Türk Hava Yolları"nın 200 mindən çox səhmdarı var, onların hamısını iclaslara çağırsalar, harada yerləşdirmək olar? Müəssisədə səs hüququna malik olan az sayda şəxslər var. Öz aralarında müzakirə edir, qərar qəbul olunur, sonuncu mənfəəti də mətbuat vasitəsilə elan edirlər. Keçən il müəssisənin səhmlərinin qiyməti 2 lirə 49 quruşdan 6 lirə 49 quruşa qədər qalxmışdı, birdən-birə 4 lirə fərq eləmişdi. Hazırda da qiymət artım tempi ilə gedir. Mən özümdə olan səhmləri 4 lirəyə satdım, indi qiymət 6 lirə ətrafındadır. Sement zavodundakı səhmlərin də qiyməti hazırda yüksək səviyyədədir, amma orada olan qiymətli kağızlarımı hələlik satmamışam, daha əlverişli zaman gözləyirəm. Payızda isə dəri və tekstil sənayesində olan müəssisələrə aid səhmlər baha olacaq".
Söhbətimizdən belə aydın olur ki, qonşu ölkədə müəssisələr mənfəətə də, zərərə də qanuni çıxır, səhmdarlarına yalan hesabat vermirlər. Əksər müəssisələr gəlirlə fəaliyyət göstərir: "100 müəssisədən bəlkə biri zərər edər, əsasən mənfəətlə işləyir və bunu da hesabatlarında düzgün göstərirlər. Çünki orada vergidən yayınmanın cəzası bizdəki kimi yüngül deyil, o qədər böyük cərimələr var ki, kimsə qorxusundan vergidən yayınmağa belə cürət etmir. Hətta dividendə "oynamasalar" belə, müəssisələr gəlirlə işləyir, dividend bizdəkindən dəfələrlə yüksəkdir. Amma müəssisələrin səhmlərinin sayı çoxdur. Gərək çox səhminiz olsun ki, mənfəət bölünəndə siz də müəyyən bir məbləğ götürəsiz. Odur ki, səhmləri alıb satmaq daha sərfəlidir, nəinki gəliri gözləmək. Mən çox ölçüb- biçmişəm, görürəm ki, "aralıq oynamaq" xeyirlidir, odur ki, dividendi gözləmirəm. Bəzən olub ki, səhmlərimi lazımi məqamda satmamışam, gözləmişəm, ilin sonunda cüzi dividend gətirib. Halbuki, satsaydım, daha çox qazanardım".
Bunu çözsəniz uğur qazanacaqsız
V.Rəcəbov deyir ki, istənilən ölkənin səhm bazarında yaxşı mənada "hiylə" var: "Siz bilməlisiz ki, birjada hansı müəssisənin səhmlərinin qiyməti nə vaxt enə və qalxa bilər, yaxud qiymət dəyişikliyi əsasən hansı amillərdən asılıdır. Bunu çözsəniz, uğur qazanacaqsız. Çünki "oyun"un mahiyyəti elə orada qurulur".
V.Rəcəbov mənə bu "hiylə"ni izah etdi, hansı müəssisənin səhmlərinin nə zaman alınıb-satılması barədə danışdı, sadəcə bir sahə barədə misal çəkdi. Bir misalla mən də məsələni çözdüm. Əslində çox sadə sistemdir, əlinizdə bir sahə ilə bağlı misalınız varsa, azacıq məntiqi olan qalanlarını da çözər. Dərhal öyrəndiyimi görüb xahiş elədi ki, bunları yazmayım.
V.Rəcəbov: "Siz bunları yazsanız, bazarı üstümə qaldıracaqsız. Çünki bəzi insanlar "oyun"un mahiyyətini öyrənsələr, Türkiyə bazarlarına ayaq açacaqlar, gedib orada da başımızı xarab edəcəklər. Əllərində babat pulları olanlar, inanın ki, gəlib ora çıxsalar, o bazarı da korlayarlar. Bizdə səhmləri o qədər xırdalayıblar ki, indi hərəyə bir səhm düşür. O bir səhmə görə də gəlib "mən səhmdaram" deyib dividend tələb edirlər. Artıq bildiyimə görə Türkiyə müəssisələrinin səhmlərini də burada oturub ordan alanlar var".
Söz verdiyimə görə səhmdarın mənə danışdığı incəlikləri yazmıram. Türkiyədə şirkətlər qiymət dəyişikliyinin vaxtını bildiklərindən, özləri də belə amillərdən faydalanırlar. Əvvəlcə səhmlərini camaata satır, sonra optimal vaxtda geri alırlar. Bu "oyun"un ikinci tərəfidir: "İzləyirəm ki, qiymət azalan istiqamətdə gedir. Müəyyən minimum nöqtə var, bəzən o nöqtəni tapıram, bəzən də yaxınlaşıram və o anda səhmləri alıram. Sonra bir müddət gözləyirəm, satmıram. Qiymətlər arta-arta gedir, yenə maksimum qiymətə yaxınlaşanda satıram. Hər sahənin öz "oyun"u var. Maraqlı işdir, gərək baş işlədəsən".
"Türkiyədə məmurlar səhm işinə qarışmır"
Cənab Rəcəbov bildirir ki, Türkiyədə məmurlar bu işlərə qarışmır, səhm bazarına müdaxilə etmir, kiməsə mane olmur və ya patronajlıq etmirlər: "Əksinə, dövlət maraqlıdır ki, insanlar bu işə cəlb olunsun, bundan pul qazansın, ticarət dövriyyəsi genişlənsin. Hazırda dövlət xarici vətəndaşların Türkiyədə əmlak, mülk ala bilməsinə izn verib. Hətta azərbaycanlılar istəsələr, Naxçıvan və İran sərhədinin kənarında da mülk alarlar. İranlılara bu izn verilmədi. Əgər siz hotelin hissə sənədinin sahibisinizsə, 6 ay, ev alsanız, 1 il oturma izni verirlər. Cəlbedici şərtlərlə edirlər ki, ölkənin iqtisadiyyatına sərmayə qoyulsun. Mən pulu ordan qazanıram, Azərbaycana dividend almağa gəlirəm, Türkiyədə qazandığımı da ölkəmə gətirib burada xərcləyirəm. Əslində orada təmiz işdir. Bu gün səhm al, sabah sat. Qiymət aşağı olanda 100 min səhm də alıram. Qiymətli Kağızlar Komitəsində mənimlə bu barədə söhbət ediblər, Türkiyə variantını Azərbaycana gətirmək istəyirlər. Hesab edirəm ki, bu sistem ölkəmizə gəlsə, Azərbaycanda qiymətli kağızlar bazarında şəffaflıq olar. Eyni zamanda ölkəmizin də Fond Birjası qonşu dövlətdəki kimi işləyər. O zaman biz də sərmayəni öz ölkəmizə yatırarıq və onun büdcəsinə pul qazandırarıq".