Monteneqroda azərbaycanlı biznesmenə görə- - qalmaqal düşdü

monteneqroda-azerbaycanli-biznesmene-gore-
Oxunma sayı: 3451


“Qafqazinfo”nun məlumatına görə, Virtualaz.org saytı Balkan KİV-lərinə istinadən xəbər verir ki, biznesmen Monteneqronun Budva şəhərindən kurort şəhəri Kotora getmək üçün “Allo taxi” xidmətinə zəng edərək taksi sifariş verib.

Azərbaycanlı iş adamının sifarişi əsasında biznesmenin qaldığı otelə taksi göndərilib və mənzilbaşına çatanda sürücü ondan 117 avro alıb.

Biznesmen bu pulu həddən artıq yüksək hesab edərək polisə şikayət edib. Şikayət əsasında Monteneqronun kommunal polisi araşdırma başladıb və məlum olub ki, Plevle şəhərindən olan sürücü Danilo Çabarkapanın taksi xidməti göstərmək üçün lisenziyası yoxdur. Buna baxmayaraq “Allo taxi” xidməti ona taksi fəaliyyəti ilə məşğul olmağa imkan yaradıb.

Yerli KİV-lərin yazdığına görə, Budva polisi azərbaycanlı biznesmenin şikayəti əsasında araşdırma aparıb və sürücünü 150 avro cərimələyib. Üstəlik “Allo taxi” xidmətinə 1500 avro cərimə kəsilib.

Budva şəhərinin kommunal polisinin rəisi Slavko Djukanoviç bildirib ki, sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 2 sutkalıq müsadirə edilib. Lakin polis müəyyən edib ki, azərbaycanlı biznesmenin taksi sürücüsünün ondan artıq pul aldığı barədə şikayəti əsaslı deyil. Çünki “Allo taxi” şirkətinin tariflərinə əsasən 1 kilometr üçün müştəridən şəraitdən asılı olaraq 3 avrodan 10 avroya qədər pul alına bilər.

Bununla belə sürücünün müştəriyə verdiyi kağız qəbzin qaydalara uyğun doldurulmadığı müəyyən edilib.

Hərçənd ki, Budva ilə Kotor arasında 30 kilometrlik yolu 15 avroya getmək olar və azərbaycanlı biznesmen taksi sürücüsünün onu “axmaq yerinə qoymasından” qəzəblənərək maşının nömrəsini və taksi xidməti göstərən şirkətin adını yazaraq polisə şikayət edib.

Adı açıqlanmayan azərbaycanlı deyib ki, polisdə onun şikayətini diqqətlə araşdıracaqlarını və Monteneqronun turizm sektorunun imicinə zərbə vuran bu kimi hallara qarşı mübarizə aparılacağını deyiblər.

Xəbərdə bildirilir ki, bu gündən etibarən polis taksilərə qarşı kütləvi reydlərə başlayıb və sürücülərdən qiymət cədvəlini maşında müştərinin aydın görə biləcəyi yerdə asmaq tələb olunur. Həmçinin Budva şəhərinin vitse-meri Lyubomir Filipoviç azərbaycanlı biznesmeni qəbul edərək ondan şəxsən üzr istəyib.

“Biz bu əhvalatın sonuna qədər araşdırılmasını tələb etmişik. Bu cür özbaşınalığa dözə bilmərik. Taksi xidməti göstərən şirkət bu cür məsuliyyətsiz hərəkətə görə cavab verməlidir” - deyə vitse-mer bildirib.

Monteneqroya toya gedən imkanlı azərbaycanlının kimliyi məlum olmasa da son illər Azərbaycan bu Balkan ölkəsinə iri həcmdə investisiyalar qoyur. Məsələn, SOCAR Monteneqroda keçmişdə hərbi baza yerləşən adanı alaraq orada lüks istirahət kompleksinin tikintisini həyata keçirmək üçün Azərbaycanın özəl turizm şirkətlərindən birinə verib.