Moskvada karantini pozan ilk sürücü azərbaycanlıdır - Fotolar

moskvada-karantini-pozan-ilk-surucu-azerbaycanlidir
Oxunma sayı: 4403

Rusiyanın Moskva şəhərində karantin qaydalarını pozan ilk sürücü azərbaycanlı Taleh Məmmədov olub. Bu barədə “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir.

“Rbc.ru” yazır ki, Paytaxtın Nəqliyyat Departamentindən bildirilib ki, Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət İnspeksiyası (QİBDD), Moskva İnzibati Yol Müfəttişliyi (MADİ), Moskva parklanma sahəsinin administratorunun (AMPP) bərabər keçirdikləri reyd zamanı Moskva dairəvi avtomobil yolu və Şelkovski şosesinin kəsişməsində karantini pozan sürücü saxlanılıb. Onun avtomobili xüsusi dayanacağa aparılıb və dezinfeksiya vasitələri ilə yuyulub, sürücü isə 5 min rubl məbləğində cərimələnib və xəstəxanaya aparılıb.

“Podyom” nəşri qeyd edir ki, martın 22-də Bakıdan qayıdan kişi (Taleh Məmmədov) kəskin koronavirus infeksiyası ilə N.V.Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat Təcili Yardım İnstitutuna daxil olub. Aprelin 4-də o, xəstəxanadan buraxılıb. Pasiyent iki həftə ərzində (18 aprelədək) ciddi özünütəcrid rejiminə əməl edəcəyinə dair kağız imzalayıb, lakin buna riayət etməyib.

Məmmədovun sözlərinə görə, o, evdən testin iki dəfə mənfi nəticə verməsi səbəbindən çıxıb və onun sərbəst hərəkət etmək hüququ var:  

“Bu, hamısı yalnış məlumatdır. Bizim ailəmizdə hamının test nəticəsi mənfidir. Mənim özümdə iki mənfi nəticə var. Məndə hər şey təmiz və dəqiqdir. Orada yalnış məlumat çoxdur. Məndə nəticəmin mənfi olması ilə bağlı kağız var. Mən mağazaya yollanmırdım, mən mağazada deyildim. Mən infeksiya xəstəxanasına gedirdim”.

Saxlanılanın atası isə oğlunun koronavirusa yoluxmadığını, lakin xəstəxanaya deyil, mağazaya getdiyini deyib:

“Bu, artıq iki həftədir davam edir. Onlar QAİ-də sadəcə pul qazanırlar, hamını belə saxlayırlar. Bu, sadəcə yalandır, oğlumda virus olmayıb. Amma o, ölkə xaricində olub, onu karantinə yerləşdiriblər. 14 gün saxlayıblar, buraxıblar, hər şey normaldır. Sonra klinika onun sağlam olması ilə bağlı kağız verib. Aprelin 4-də bütün ailəmiz karantindən çıxıb. Oğlum Levıy bereqa kartof-soğan almağa gedib. Orada bütün maşınları saxlayırlar. Kim pul verir, buraxırlar. Bu, onların biznesidir. Mən bunu deməməliyəm, amma deyirəm”.