Moskvada Müslüm Maqomayevin yubileyi qeyd edildi

Moskvada Müslüm Maqomayevin yubileyi qeyd edildi
Oxunma sayı: 1291

Dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi günü onun yaradıcılığının pərəstişkarları Moskvada dahi müğənninin abidəsi önünə toplaşıblar.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları abidə önünə gül dəstələri düzüb, Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşüblər.

Təntənəli tədbirdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova çıxış edərək müğənninin Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşməsinə verdiyi dəyərli töhfələri qeyd edib. O, Müslüm Maqomayevin Azərbaycanı “atası”, Rusiyanı isə “anası” adlandırdığını və milyonlarla dinləyicinin qəlbini fəth edən istedadın məhz iki xalqın çoxəsrlik mədəniyyətlərinin yetirməsi olduğunu xatırladıb.

Heydər Əliyev Fondunun nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənninin abidəsinin açılışının olduğunu bildirib.

Rusiyanın Xalq artisti Zaur Tutov qeyd edib ki, Müslüm Maqomayevin böyük irsi milyonlarla insanı sevindirib, sevindirir və sevindirəcək. “Bu, böyük, əsl saf, ürəkdən gələn sənətdir. Çox gözəl, bacarıqlı və yüksək səslə oxuyan vokalçılar kifayət qədərdir, lakin bizim dahi Müslüm Maqomayev fantastik məlahətlə ifa edirdi. Müslüm Maqometoviç yaradıcılığı ilə bir çox siyasətçilərin, ümumilikdə müxtəlif millətlərdən və dinlərdən olan milyonlarla insanın qəlbini bir araya gətirmək baxımından daha çox iş görüb”, - deyə müğənni bildirib.

Müslüm Maqomayevə həsr olunmuş və Moskvada nəşr olunan “Əbədi məhəbbətim” kitabının müəllifi Təyarə Vəlimətova dahi müğənni və onun həyat yoldaşı Tamara Sinyavskaya ilə görüşləri ilə bağlı xatirələrini bölüşüb: “Kitabın adını Tamara Sinyavskayanın seçməsi mənim üçün xüsusi əhəmiyyət kəsb edir. “Əbədi məhəbbətim” romanı 500 tirajla işıq üzü görüb. Mən bütün kitabları XX əsrin dahi Orfeyinin istedadının əsl pərəstişkarlarına hədiyyə kimi payladım”, - deyə yazıçı bildirib.

Müslüm Maqomayevin yaradıcılığının pərəstişkarları onun abidəsi önündə repertuarından mahnılar ifa edib, xatirələrini bölüşüblər.