Motivasiya və tualet problemi

motivasiya-ve-tualet-problemi
Oxunma sayı: 2503



Təhsilin keyfiyyəti bir ölkənin, gəncliyin inkişafı üçün çox vacibdir. Bunu hərkəs bilir. Ailədə uşaqlara verilən tərbiyənin keyfiyyəti necə olur olsun məktəblərdə və universtetlərdə verilən tərbiyyə və təhsil ilə insanları dəyişdirmək və inkişaf etdirmək mümkündür. 

Mən məktəbi Azərbaycanda bitirmədiyim üçün məktəblərdəki təhsilin vəziyyətindən xəbərdar deyiləm. Ən azından öz gözlərimlə görməmişəm. Amma iki fərqli ölkənin universtetlərində təhsil almaq mənə nəsib oldu. 

Motivasiya

Sizə bir sirr verim. Təhsilin keyfiyyətli olması üçün savadlı müəllimlərin olması, müəllimlərn maaşlarının artması və rüşvətin aradan qaldırılması da  kifayət deyil. Əsas motivasyadır. Yəni tələbənin özünə olan inamını artırmaq. Əgər siz tələbələrə “Siz seçilmiş insanlarsınız və digərlərindən fərqlisiz” deyə müraciət etsəz, neçə bal topladığından asılı olmayaraq gələcəkdə böyük işlər görəcək insanlar yetişdirə bilərsiniz. Türkiyədə ən yüksək pillədəkindən  ən altdakına qədər bütün təhsil müəssisələri bu fikri gənclərin beyninə yeridir. 
Bizdə isə çox fərqli bir psixologiya var.  Misal üçün müxtəlif ballarla universitetə qəbul olmuş amma nəticə etibari ilə hamısı həkim olacaq tələbələri çox maraqlı üsulla motivasiya edirlər. Nisbətən aşağı balla universitetə qəbul olmuş Hərbi fakultənin tələbələrinə açıq-açığına yuxardan aşağı baxılması  bəs deyilmiş kimi dərsə yaxşı cavab verə bilməyən tələbəyə bəzən müəllim belə sözlər deyir : “Siz hərbi fakultəsiz də. Əslində müalicə profilaktika fakultəsinin tələbəsinə bu cavaba görə sıfır düşür. Amma sizə dörd vermək olar” . İşin acınacaqlı tərəfi isə bir çox tələbinin bundan istifadə etməsidir. 

Nümunə olmaq

Bir təhsil ocağı istər idarə heyyəti, istər müəllimləri ilə tələbələr üçün nümunə olmalıdır. Və universitetin hədəflərinə uyğun şəraiti olmalıdır. Misal üçün əgər bir universitetdə üç semestr Gigiyena fənni tədris olunursa o universitetin tualetləri təmiz olmalıdır  (Düzdür, tualet problemi bizim ölkənin ümumi problemidir amma hər halda tibb universiteti təmizlik baxımından nümunə olmaq məcburiyyətindədir). Cem Yılmazın yaşlı bir qadın haqqında elədiyi zarafat tibb universiteti tualetinin vəziyyəti ilə tam oturuşur. Elə bil yüz il öncə burada sadəcə tualet vardı və sonra universiteti o tualetin üstünə tikib, tualetə də əl dəymədilər. İndi isə tarixin tozlu səhvələrindən tualet: “mən hələ də burdayam və heç dəyişməmişəm” deyə sırtıqcasına gülərək bizi ələ salır. 
Gələcəyin həkimlərinə nə təbiətə hörmət etmək öyrədilir, nə də insana. “Zorakılıq” mövzusunda mühazirə deyən psixiatr nitqinin sonunda deyir: “ Amma onu bilin ki, namus cinayəti üstündə həbsə düşənlərin həbsdə böyük hörməti olur.” İyirmi yaşı yenicə tamam olmuş gələcəyin kişiləri isə bu sözləri eşidib rahat nəfəs alırlar.
Sonda Nərmin Hüseynlinin həyata gözlərini yummasından sonra blogumda yazdığım yazının son hissəsini(müəllimlərə müraciət) sizlərlə paylaşmaq istəyirəm. Düşünürəm ki, son maddəni saymasaq bu müraciəti bütün təhsil ocaqlarının müəllimlərinə ünvanlamaq olar:

-Yumşaq ürəkli olmayın. Tələbələrə ana nəvazişi, ata qayğısı göstərməyin.
-"Dərsini oxumasa da, yaxşı insandır” ifadəsini bir daha işlətməyin. Bu cəmiyyəti tənbəlliyə öyrəşdirməyin. Biz tənbəlik. Bizi məcbur edin.
-Dərsə hazır gəlmirəmsə sıfırımı verin. Kəsilmək və təkrar kəsilmək istəyirəm. Lazım gəlsə məni qovun. Məni “Nərminin” qatili olmaqdan qurtarın.
-Lazımsız dərslərlə tələbələri məşğul edib yormaq əvəzinə heç olmasa bir semestr üçün Tibbi Deontologiya(tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi-etik normalar toplusudur) fənnini tədris sisteminə daxil edin.