Mövlam Şixəliyevin zərərçəkənləri hakimə etiraz edib zaldan çıxdılar

movlam-sixeliyevin-zerercekenleri-hakime-etiraz-edib-zaldan-cixdilar
Oxunma sayı: 3425

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən açıq məhkəmə iclasına jurnalistlər yenə də buraxılmayıb.

Belə ki, zərərçəkmişlərdən Zaur Əliyev işə baxan hakim Elbəy Allahverdiyevin general Mövlam Şixəliyevə “müəllim” deyə müraciət etməsinə etiraz edib. Z.Əliyev iddia edib ki, hakim Elbəy Allahverdiyev vaxtilə generalın rəhbərliyi altında işləyib. O, bu faktın məhkəmənin çıxaracağı qərarı şübhə altında qoyduğunu bildirib.

Bu səbəbdən Z.Əliyevin vəkili hakimin dəyişdirilməsi barədə vəsatət verib. Vəsatət təmin edilməyib, bunun ardınca zərərçəkmişlər hakim Elbəy Allahverdiyevi Mövlam Şıxəliyevi müdafiə etməkdə ittiham ediblər.

Zalda səs-küy yarandığından fasilə elan olunub. Fasilədən sonra da zərərçəkmişlər hakimə etiraz olaraq məhkəmə zalını tərk ediblər və prosesdə iştirak etməkdən imtina ediblər.

Növbəti proses noyabrın 2-nə təyin olunub.

Qeyd edək ki, sabiq MTN generalı Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir.

Amin Nəzərli