Parlamentin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib.
Qeyd edək ki, MSK üzvlüyünə namizəd qismində Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Mikayıl Rəhimov, İlkin Şahbazov, MSK-nın əvəzedici üzvlüyünə isə Sürəddin Hümbətov, Bəhruz Quliyev, Aydın Muradov və Niyaməddin Orduxanovun adı yer alıb.
Məsələ ilə bağlı müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev təklif edib ki, MSK üzvlərinə də diplomatik pasport verilsin. Spiker Oqtay Əsədov isə deyib ki, onların namizədliyi təsdiq olunandan sonra bu məsələyə baxılar.
Siyavuş Novruzov da çıxışında MSK-nın indiki formatının ən məqbul və optimal variant olduğunu qeyd edib.
Səsvermə nəticəsində təklif edilən üzvlərin namizədliyi səsə qoyularaq təsdiqlənib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər