MTN-in İctimai Əlaqələr Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, akademiyanın şəxsi heyətinin, kursantların valideynlərinin iştirak etdikləri təntənəli mərasimdə Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Kursantları və onların valideynlərini bu əlamətdar hadisə münasibəti ilə təbrik edən Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev bildirib ki, bu gün kursantlar Vətənə sədaqət andı içərək, ölkəmizin və xalqımızın müdafiəçiləri sırasına qoşulacaqlar: “Seçdiyiniz peşə müqəddəs peşədir, Vətəni qorumaq, onu müdafiə etmək peşəsidir. Azərbaycan Respublikasının vətəndaşı olaraq hər birimiz bir dəfə hərbi and içirik və həyatımızın sonuna kimi andımıza sadiq olmalıyıq, çünki bu, Vətənə, xalqa, ana torpağa, müstəqil Azərbaycan dövlətinə sədaqət andıdır, şərəf, namus və vicdan məsələsidir. Bu, şüurlu vətəndaş andıdır”.
Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında mətin addımlarla tribuna önündən keçiblər.
Son xəbərlər
Son Xəbərlər