Mübariz İbrahimovun doğum günüdür

mubariz-ibrahimovun-dogum-gunudur
Oxunma sayı: 1908


“Qafqazinfo” xəbər verir ki, yaşasaydı onun 26 yaşı tamam olacaqdı. 

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

2005-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

O, 2010-cu il iyunun 18-də Tərtər rayanunun Çaykəndi yaxınlığında düşməni ağır itkilərə məruz qoyduqdan sonra,  qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Mübariz İbrahimovun meyiti  2010-cu il noyabrın 6-da Ermənistan tərəfdən alınıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Mübariz Qurbanov İkinci Fəxri xiyabanda dəfn olunub.

"Qafqazinfo" M. İbrahimovun son məktubunu təqdim edir:

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".