Mübariz Qurbanlı komitə sədri təyin edildi

mubariz-qurbanli-komite-sedri-teyin-edildi
Oxunma sayı: 5347


Prezident İlham Əliyev  Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin təyin edilməsi haqqında sərəncam verib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndinə əsasən Mübariz Qəhrəman oğlu Qurbanlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, Mübariz  Qurbanlı 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.

Tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir. 

Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavinidir.

Evlidir, 2 övladı var.