Müdafiə Nazirliyi hərbçilərin ailələrinə müraciət etdi

mudafie-nazirliyi-herbcilerin-ailelerine-muraciet-etdi
Oxunma sayı: 5016

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, COVID-19 virusunun yayılmasının qarşısının  alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq andiçmə  mərasimində əsgər yaxınları ilə şəxsi heyətin görüşləri təşkil edilməyib. Andiçmə mərasimləri Kütləvi İnformasiya Vasitələri tərəfindən işıqlandırılıb, hərbi qulluqçulardan müsahibələr alınıb və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurması üçün şərait yaradılıb.

Andiçmə mərasimi bütün hərbi hissələrdə hərbi rituallara uyğun  və xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq keçirilib. 

Bəzi vətəndaşlar pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərini və hərbi hissənin ərazisinə daxilolma qaydalarını kobud şəkildə pozmaqla hərbi hissənin ərazisinə daxil olmağa, əsgərlərlə görüşməyə cəhd ediblər.

Hərbi hissə komandanlığı bu cür addımların qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər görüb. Lakin uzaq yerlərdən gələn bəzi valideynlərin israrlı xahişləri və uzaq yol qət etmələri nəzərə alınaraq xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməklə onların öz övladları ilə qısamüddətli görüş keçirmələrinə şərait yaradılıb.

Bildirilib ki, COVID-19 virusunun yayılmasının qarşısının  alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələblərinə müvafiq olaraq əsgər valideynlərinin və yaxınlarının şəxsi heyətlə görüşlərinə ciddi məhdudiyyətlər tətbiq olunur.

Ordu sıralarında COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq mqəsədilə hərbi qulluqçuların yaxın ailə üzvləri və qohumları ölkə miqyasında və orduda tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyə çağırılıb.