Müdafiə Nazirliyinin səhvi

mudafie-nazirliyinin-sehvi
Oxunma sayı: 3415


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin informasiya siyasəti son günlər diqqət mərkəzində və hədəfdədir. Diqqət mərkəzində olması aydındır, çünki cəmiyyət informasiya gözləyir və bu informasiyalar aktiv fazasını yaşadığımız informasiya müharibəsinin çox mühüm elementidir. Hədəfdə olması da aydındır, çünki çox ciddi səhvlərə yol verilir.

Yanvarın 20-dən atəşkəs rejiminin aktiv pozulması Müdafiə Nazirliyinin ekstremal situasiyada strateji məqsədə hesablanmış taktiki “informasiya əməliyyatları” keçirmək qabiliyyətinə malik olmadığını göstərdi. Bu barədə son günlər çox yazılıb. Hərçənd Müdafiə Nazirliyinin informasiya siyasətində yol verilən bu naşılığa “dövlətçilik naminə” göz yummaq təklif edən həmkarlarımız da oldu. Əlbəttə, onları “başa düşmək” çətin deyil.

Amma mən Müdafiə Nazirliyinin informasiya siyasətində yol verilən daha ciddi strateji səhvə, xəyanətə bərabər tutulacaq səhvə diqqətinizi yönəltmək istəyirəm.

Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi var. Təbii ki, bu rəsmi mövqedə müxtəlif istiqamətlər, strateji məqsədlər və bu gün yeridilən siyasət öz əksini tapıb.

Azərbaycanın rəsmi mövqeyindəki digər detalları bir kənara qoyaraq, çox mühüm elementə diqqətinizi cəlb edim. Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, münaqişənin tərəfləri Azərbaycan və Ermənistandır. Dağıq Qarabağ adlı obyekt və yaxud da subyekt hələlik Azərbaycanın gündəliyində yoxdur. Dağlıq Qarabağın erməni icması var.

Məncə fikir aydındır. Aparılan bütün danışıqlar da, bütün PR-kampaniyalar da bu prizmadan yönəldilir.

Təəssüf ki, Müdafiə Nazirliyinin informasiyalarında bu xətt gözlənilmir.

Azərbaycanın rəsmi mövqeyinə əsaslanaraq deyə bilərik ki, Azərbaycan və Ermənistan arasında cəbhə xətti (Naxçıvan nəzərə alınmamaqla) Araz çayından Kür çayına qədər uzanır. Və bu hazırkı şəraitdə (yəni atəşkəs şəraitində) Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti adlandırılır.

Müdafiə Nazirliyinin informasiyalarında isə mənzərə bir az fərqlidir.

Bu informasiyalarda Ermənistanla həmsərhəd ərazilərdə baş verən olaylarla, cəbhə xəttinin digər hissələrində baş verən olaylar bir-birindən ayrılır. Məsələn, Tovuz və Qazaxda baş verənlər Ağdam və Füzulidə baş verənlərdən ayrı təqdim olunur. Müxtəlif abzaslarda verilən informasiyalar Ermənistan və Dağlıq Qarabağın ayrı-ayrı subyekt kimi təsəvvürünü yaradır.

Bu isə Azərbaycan dövlətinin rəsmi mövqeyinə ziddidir.

Bu anormallıq hələ ki, heç kimi narahat etmir.

İki hal ola bilər:

Birinci – Azərbaycanın rəsmi mövqeyi dəyişib. Dəqiq bəllidir ki, Azərbaycan rəsmi mövqeyi dəyişməyib.

İkinci – Müdafiə Nazirliyinin informasiya siyasətində səhvlərə yol verilir.

Üçüncü hal barədə mən bilmirəm.

Kimsə bilirsə, buyursun, izahat versin.