Müdiriyyət qorxusu

mudiriyyet-qorxusu
Oxunma sayı: 1990


Bir neçə ay əvvəl Heydər Əliyev Mərkəzinə adını unutduğum hansısa rəsm sərgisinə getmək istədim. Amma girişin hansı qapıdan olduğunu soruşmaq üçün müraciət etdiyim mühafizəçi, bazar günləri mərkəzin işləmədiyini söylədi. İndiyə qədər bu məntiqsizliyin məqsədini-mərkəzin bazar günü işləməməsini- anlaya bilməmişəm. Belə görkəmli bir bina inşa edəsən və o da həftənin hansısa günü- özü də muzeylərin, sərgilərin ən çox ziyarət edildiyi gün- bağlı ola. Ölkəmizdə qaydasında olmayan, oturuşmamış o qədər sadə şeylər var ki, buna təəccüblənməyim əslində yersizdir. (Muzeylərdə şəkil çəkdirməyin qadağan olması amma 5 manat verib kassadan bilet almaqla bu qadağananın aradan qaldırılması kimi)

Mənim kimi sərgiyə gəlib qapıdan geri dönən bir cütlük də var idi. Gəlmişkən şəkil çəkdirmək istədilər. Muhafizəçi yaxınlaşıb binanın yaxınlığında şəkil çəkdirməyin qadağan olduğunu dedi. Bu lazımsız qadağa cütlüyü əsəbləşdirdi. “Necə yəni şəkil çəkdirmək olmaz?! Bu hansısa səfirliyin, nazirliyin binası deyil ki, şəkil çəkdirmək qadağan olsun. və s.” Etirazlar nəticə vermədi və mühafizəçi bir cümləylə onları susdurdu : “Müdiriyyət icazə vermir”. Ətrafındakı otluq sahədə oturmağa, gəzməyə, yaxınlığında şəkil çəkməyə icazə verilməyən müasir memarlıq abidəsini beləcə tərk etdik.

Müdiriyyət qorxusu, tabeliklərində olan insanları elə qorxudur ki, kiçik bir məsulliyyəti belə boyunlarına götürə bilmirlər, bunun müqabilində insanlara kobud davranıb, bəzən həqarət edənlər olur. Malakan bağında otluqda oturan bir xanım tanışıma mühafizəçi “siz normal qız olsaydız yerdə oturub, Redbul içməzdiniz” demişdi. Müdirləri bu adamlara qanunları öyrətməmişdən əvvəl bir-iki nəzakət qaydasını öyrətsəydilər bu ölkədə yaşamaq biraz daha asan olardı. Tibb universitetlərdə hər binanın(korpusun) qarşısında mühafizəçilər tələbələrdən tələbə bileti tələb edirlər, olmayanda bəzən xalatını göstərmək, dostlarının sənin tələbə olduğunu təsdiqləməsi kifayət etmir. Mühafizəçi “müdiriyyət” deyir, başqa şey demir.

Sanki vətənimizdə hamı həvəssiz yaşayır, heç kim istədiyi işdə işləmir. İncəsənət muzeyində azərbaycan dilində müraciət etdiyim(iki dəfə) muzey işçisi sualıma rus dilində cavab verir(ikisində də), sanki məni başından eləmək istəyir. Hamı müdiriyyətdən, rektordan, valideyndən qorxur. Cəmiyyəti qorxu idarə edir. Elə Allah inancını da çoxusu qorxu üstündə qurur. Allahı sevmək əvəzinə qorxurlar. Hər gün(bəli, hər gün) 88 nömrəli avtobusun sürücüləri mütləq ya sərnişinlərlə, ya da hansısa sürücüylə mübahisə edir, söyüşlər sağımdan solumdan ötüb keçir. Sərnişinlərin şikayətlərindən bezən sürücü “bəyənmirsənsə müdiriyyətə zəng et” deyir. Bir baxıma haqqlıdı. Amma hamı naməlum müdirdən qorxur ya da onun nəyisə həll edəcəyinə inanmır. Beləcə mövzu bağlanır, hər kəs səssizcə deyinməyə davam edir.

Üç-dörd həftə öncə 88 nömrəli avtobusun sürücülərindən biri yuxulu vəziyyətdə sükanın arxasında əyləşmişdi. Bizi komaza çırpılmaqdan bir qadının tam vaxtında qopan çığırtısı xilas etsə də bu çığırtı sürücünün yuxudan oyanmasına kömək etmədi. Sürücü bu həyəcan anından sonra əsəbi sərnişinlərə kobudca “bəyənmirsiz düşün” dedi.

Bu hadisədən sonra nəhayət sürücünü şikayət etmək üçün lazım olan nömrəyə, yəni müdiriyyətə zəng etməyi qərara aldım. Zəng etmədən öncə avtobusun nömrəsini bir neçə dəfə öz-özümə səsli şəkildə təkrarladım. “Yaşıl”-a toxunub qarşıdan eşidəcəyim səsin qadın, yoxsa kişi səsi olacağını düşünməyə başladım. Təxminən 10-15 saniyə çəkən səssizlikdən sonra qarşı tərəfdən bir xanımın səsi eşidildi: “Balansınızda kifayət qədər kontur qalmayıb”.