Amma indi 24 yaşlı gənc müəllimə iki ildir ki, Hacıqabulda dərs deyir və Bakıya qayıtmaq mövzusu isə onun üçün bağlanıb. Deyir ki, burada hər şey gözəldir müəllimin nüfuzu da yüksəkdir, üstəgəl müəllim əməyini də qiymətləndirirlər. Gənc yaşında sinif rəhbəri olan Təzəgül müəllimə maaşından qismən razı olsa da, kənd və rayonlarda işləyən müəllimlərə verilən kompensasiyanın artırılmasını istəyir: “Maaşımdan əlavə 40 manat pul alıram, bir ildən sonra isə bu pulu ala bilməyəcəm. Məncə, müddəti artırılmasa da, kompensasiyanın miqdarı artsa, yaxşıdır”.
Bakını rayona dəyişən Təzəgül deyir ki, məktəblərində hər cür şərait var: “Hətta 60 yaşlı müəllimlərimiz belə kompüterdən asanlıqla istifadə etməyi bacarırlar. Məktəbimizdə gənc kadrların çox olması isə məni xüsusuilə sevindirir. Həqiqətən, Hacıqabulda yaradılan şəraidən razıyam”.
Azərbaycanda kişi müəllimlərin sayı niyə hər gün azalır?
Təsadüfən rayonda paytaxtdan işləməyə gedən Təzəgülü nümunə gətirmədik. Nəzərə alsaq ki, müəllimlərin nüfuzu üçün elə ucqar rayonlardan başlamaq lazımdır. Çünki müəllim maaşının azlığı, xüsusilə də kişilərin pedoqoji fəaliyyətinə son qoymasına səbəb olur.
Təhsil Nazirliyindən verilən məlumata görə, ölkənin ümumtəhsil məktəblərində müəllimlərin 76,1 faizini qadınlar təşkil edir. Bir sıra rayonlarda bu nisbət fərqlidir. Belə ki, Yardımlı rayonunda müəllimlərin yalnız 9,2 faizi, Lerik rayonunda 19,7 faizi, Saatlı rayonunda 35,1 faizi, Cəlilabad rayonunda 44,3 faizi, Qobustan rayonunda 46,2 faizi, Masallı rayonunda 50,9 faizi, İsmayıllı rayonunda 57,1 faizi qadınlardır.
Biləsuvar, Şuşa, Kəlbəcər, Ağsu, Gədəbəy, Daşkəsən, Astara, Qusar rayonlarında da qadın müəllimlər 50-56 faiz təşkil edir.
Təhlil göstərir ki, şagirdlərin təhsil səviyyəsi müəllimlərin cins tərkibindən bilavasitə asılı deyildir. Təhsil səviyyəsinin yüksək olması müəllimlərin peşəkarlıq səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır.
Bəs rayona üz tutan müəllimi hansı güzəştlər gözləyir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli Qərarına əsasən gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunması üçün xüsusi dövlət sifarişi nəzərdə tutulur: “Kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə həmin müddət ərzində müəyyən həvəsləndirmə tədbirləri tətbiq edilir. Gənc mütəxəssislərə 3 il müddətində ərzində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilir. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 manat əlavə ödənilir. Yol xərci, əmlakın daşınması üçün nəqliyyət xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 misli həcmində birdəfəlik yardım ödənilir. Bunlardan əlavə, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi nəzərdə tutulur”.
Ey hörmətli, müəllim...
Statistika Komitəsinin saytında müəllimlərin orta aylıq maaşı 256 manat göstərilir və müəllimin nüfuzuna birbaşa bu məbləğin təsir etdiyini desək pafoslu səslənməz. Bəs bu gün Azərbaycanda müəllimin nüfuzu necədir? O da əmək haqqısı qədər aşağıdır, yoxsa “Ey hörmətli, müəllim” deyimi hələ də keçərlidir? Nərimanov metrosu yaxınlığında keçirdiyimiz kiçik sorğudan məlum oldu ki, (Təxminən 30 nəfər arasında) Azərbaycanda müəllimin nüfuzu çox aşağıdır və bunun əsas səbəbi də yuxarıda göstərdiyimiz əmək haqqının aşağı olmasıdır.
Bəs dövlətin müəllimin nüfuzunun artırılması üçün nə kimi planları var?
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə bağlı 2013-cü il oktyabrın 24-də imzaladığı sərəncamda müəllimlərin nüfuzunun artırılması ilə bağlı maraqlı məqamlar da yer alıb:
“Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.. Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur.
Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim amilinə təsir edən amillər sırasındadır. Bu baxımdan təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur.
Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır”.
Nazir vəd verdi: Müəllimlərin əmək haqqısı 2 dəfəyədək artırıla bilər
Hazırda Azərbaycanın ümumtəhsil sistemində 4513 təhsil müəssisəsində 1 milyon 188 min şagirdin təlim tərbiyəsi ilə 151 min 538 nəfər müəllim məşğul olur.
Nazir Mikayıl Cabbarov da dəfələrlə müsahibə və açıqlamalarında müəllimlərin əmək haqlarının az olmasından danışaraq, yeni strategiyada bu problemin həlli ilə bağlı müddəanın yer aldığını da söyləyib:
“Bu gün müəllimlərimizi əməkhaqqının artırılması məsələsi çox maraqlandırır və bu barədə tez-tez müraciətlər olunur. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında bu məsələ də öz əksini tapıb: "Belə ki, strategiyada müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətən mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə tutulmuşdur. Bununla bağlı daha dəqiq meyarlar fəaliyyət planında öz əksini tapacaq".
Güzəştli ipotekalar niyə müəllimlərə də aid olunmur?
Bildiyimiz kimi, Azərbaycanda İpoteka Fondunun hesabına ipoteka kreditlərinin verilişinə 2006-cı ildən başlanılıb. Təəssüf ki, müəllimlərin adı güzəştli ipoteka alanların siyahısına daxil edilməyib. Bunun üçün isə müəllimə dövləq qulluqçusu statusu verilməlidir. Bir sıra xarici ölkələrdə bu təcrübədən istifadə olunsa da, hələ ki, müəllimlər üçün Azərbaycanda belə bir güzəşt nəzərdə tutulmur. Elə Rusiyada bir neçə il əvvəl prezidentin sərəncamıyla yaşı 35-dən çox olmayan gənc pedoqoqlara güzəştli ipoteka verilir.
Müəllimlərə dövlət qulluqçusu statusu veriləcəkmi?
Ölkə başçısı İlham Əliyev 2011-ci ilin aprelin 20-də “Təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə” sərəncam imzalayıb. Sərəncamda qeyd olunurdu ki, Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməyi tapşırılıb. 3 aya hazırlanması tapşırılan sənəddən 36 aydır ki, xəbər yoxdur.
Təhsil Nazirliyi isə bəyan edir ki, Dövlət Strategiyası bütün müəllimlərin statusunun dövlət qulluğunun xüsusi növünə aid edilməsi məsələsini də əhatə edəcək. “Strategiya bütün bunların hamısını əhatə edəcək. Lakin bu stretgiyanın tez bir zamanda reallaşacağını da demək mümkün deyil. Keçid mərhələsi olacaq, müəyyən işlər aparıldıqdan sonra strategiyada göstərilən məqamlar tam olaraq yerinə yetiriləcək”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Azərbaycan Müəllimlərinin XIV qurultayında çıxışında isə bildirmişdi ki, müəllimlərin nüfuzunu artırmaq üçün onlara dövlət qulluqçusuna bərabər status verilməlidir:
“Azərbaycanda müəllim hazırlığı ilə bağlı hazır model yoxdur. Biz bu işi köklü şəkildə yenidən qurmalıyıq. Bu gün orta məktəb şagirdləri repetitorlarla hazırlaşırlar, ali məktəbi bitirən məzunlar şirkətlərə işə qəbul üçün hazırlıq kurslarına gedirlər. Cəmiyyət buna normal yanaşsa da, bu, normal hal deyil. İrəliləyişə nail olmaq istəyiriksə, müəllimin nüfuzunun geri qaytarılmasına nail olmalıyıq."
Maliyyə naziri isə müəllimlərin sayının çoxluğundan şikayətlənir...
Müəllimlərin dövlət qulluqçusu statusu məsələsindən danışan maliyyə naziri Samir Şərifov deyib ki, bu problemə baxıla bilər: "Amma Bakı şəhərində özəl məktəblər də fəaliyyət göstərir. Bu isə ciddi ziddiyyət yaradır. Özəl məktəblərin müəllimlərinin dövlət məktəblərində işləyənlərdən nə fərqi var? Hazırda dövlət qulluqçularının sayı 30 min civarında olsa da, təhsil sahəsində 440 mindən artıq insan çalışır. Odur ki, bu sahədə ciddi, düşünülmüş addımlar artırılmalıdır. Artıq Təhsil Nazirliyi islahatlara başlayıb və islahatlar nəticəsində müəllim-şagird sayı beynəlxalq standartlara uyğunlaşdırıla bilər. Bundan sonra müəllimlərin əmək haqqının artırılması məsələsinə baxmaq olar. Həmçinin dövlət qulluqçularının maaşının artırılması da nəzərdən keçiriləcək. Bu il dövlət büdcəsində çalışanların hamısının maaşı artırılıb. Amma 2014-cü ildə dövlət qulluqçularının əmək haqqının artırılmasına yenidən baxa bilərik”.
Maaş artdı, bəs keyfiyyət?
Təhsil eksperti Elmina Kazımzadə isə müəllimlərin nüfuzunun artırılmasının birbaşa əmək haqqı ilə bağlı olmadığını bildirib:
“Müəllimlərin nüfuzunun artırılması üçün gənc, yeni kadrları bu peşəyə yönəltmək, həqiqətən onlarda müəlim sənətinə maraq oyatmaq lazımdır və bu məqamda onlara güzəştlər edilməlidir. Maaşın qaldırılması müəllimin nüfuzunun, keyfiyyətinin qaldırılmasında birbaşa rol oynamır. Bu çox mürəkkəb prosesdir. Birinci müəllimin hazırlığına qoyulan proqram və sərmayə artırılmalıdır. Əgər o, keyfiyyətli təhsil almayıbsa, siz onun maaşını yüksəltsəz də, keyfiyyət gözləyə bilməzsiz”.
Təhsil eksperti yeni təhsil strategiyasını yüksək qiymətləndirərək əsas məsələnin növbəti məqamdan asılı olduğunu qeyd edib: “Təhsil strategiyasında hədəflər doğru müəyyənləşib və hər şey onun necə icra olunmasından asılıdır”.
Strategiyada nəzərdə tutulanların reallaşması üçün konkret vaxtın müəyyən olunmaması iqtisadçıların ən çox etiraz etdikləri məqamdır. Onlar bildirirlər ki, əgər müəllimlərə əmək haqlarının 2 dəfəyədək artırılması ilə bağlı sevincirici xəbər verirlərsə, gərək bunun nə vaxt baş tutacağı tarix də Təhsil Nazirliyi tərəfindən açıqlanmalıdır. Nazirlik isə səsləndirilən ittihamlara belə cavab verib:
“Hazırda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır.Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq”.
Təhsil Nazirliyi isə müəllimlərin bir çox problemlərinin yeni strategiya ilə həll olunacağına əmindir. Müəllimlər də ümidlə yeni strategiyanın həyata keçirilməsini gözləyirlər. Nəzərə alsaq ki, Nazirliyin bu sahədə gördüyü işlər artıq öz nəticəsini göstərir. Təhsil İnkişaf Fondunun və Təhsil Nazirliyi tərəfindən yeni yaradılan “SABAH” qrupları isə buna əyani sübutdur.
Günel Əbilova
Yazı "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim olunur.