Musiqi insan səsilə vəhdətdə olanda tar da danışır, ruh da. Kamança da dil açır, hislər də. Gözəlliklər yaşanır bu harmoniyada...
Söhbət irsimizi bizə miras qoyan muğamdan gedir. O muğam ki, hər dəstgahında lirika, ladında simfonika var. Səni düşündürür, düşündürür... Düşündürür ki, mədəni kimliyinlə üzləşərkən səni dünyada üzünü ağ edən bu xəzinəni qoruyasan.
Bu məqsədlə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə Milli Muğam Müsabiqəsinə start verilib.
2 turdan ibarət olan müsabiqənin 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə müsabiqənin yekun konserti olacaq.
Bu gün isə həm instrumental kateqoriya üzrə, həm də xanəndəlik üzrə 10 iştirakçı yarışırdı.
Onların həyəcanlarını isə bəlkə də ən yaxşı Təyyar Bayramov sezirdi. Axı hələ 14 il əvvəl ilk Milli Muğam Müsabiqəsinin qalibi məhz həmin Əməkdar artistimiz olub. Əvvəl iştirakçı, indi isə iştirakçıları tamaşa edən T. Bayramov da bu məqama toxunur: "İlk müsabiqənin qalibi kimi mənim üçün bu yarışma böyük əhəmiyyət daşıyır. Hazırda 3 tələbəm də burada iştirak edir. Həyəcanlarını çox gözəl anlayıram".
Asan deyil yaxşılardan ən yaxşını seçmək...
İştirakçılardan bəzilərinin tarı "ağlatması", digərinin "Bayatı-şiraz"dakı avazı, o birinin "Rast"dakı ritmi münsiflər heyətini dilemma qarşısında qoyur. Yaxşılardan ən yaxşısını seçmək asan deyil axı. Bunu Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi də təsdiqləyir.
Bəşirli Cəlilin tardakı ifası Möhlət müəllimin qələmini kağızda qeydlər etməyə aparır, Səfərli Məftunun rəvan səsi isə Səkinə xanıma qeydsiz təsir edir...
İndi isə zalda hər kəs susur, səhnədə isə musiqi dili "danışır".
Qeyd edək ki, 1, 2 və 3-cü yerin sahibləri müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Azadə Yolçu
Video, fotolar: Pərvin Zeynal


















Son xəbərlər
Son Xəbərlər