“Mühacirləri “sorta böləsi” deyildim ki?!”- - Sevinc Telmanqızı

muhacirleri-sorta-bolesi-deyildim-ki-
Oxunma sayı: 5196


“Qafqazinfo” Avropadan yenicə qayıdan jurnalistin “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:

- Sevinc, Avropa səfərin yekunlaşdı. Amma müsahibə və reportajlar davam edir... 

- Bəli, səfər aprelin 26-dan başlanmışdı. İsveçrədən başlanan səfər Norveçdə bitdi. Mən ayın 7-də ölkəyə qayıtdım. Hər ölkədə ən azı 5-6 ailənin evində olduğum, eləcə də çoxlu sayda müsahiblərlə ünsiyyətdə olduğum üçün bunların hamısını qısa müddət ərzində oxucuya çatdırmaq praktiki baxımdan mümkün deyildi. Hələ xeyli maraqlı, səs-küylü reportajlar, müsahibələr oxucuları gözləyir. 

- İlkin reaksiyalar necədir? 

- Bu, Azərbaycan mətbuatında bir ilkdir. Bu günə qədər jurnalistlər tez-tez xarici səfərlərdə olublar, həmin ölkələrdən reportajlar hazırlayıb, müsahibələr götürüblər, buna şübhə yox. Amma silsilə xarakterli, məhz mühacirlərin həyatından hazırlanan silsilə reportajlar, müsahibələr olmayıb. Bu baxımdan gözləniləndən də çox oldu reaksiyalar. Hətta rəyinə güvəndiyim adamlar bunu ciddi, sosial araşdırma, elmi işlərə mövzu ola biləcək mətbuat materialı da hesab etdilər. Hələ növbədə dərcini gözləyən çoxlu sayda yazılar var ki, oxucular orada daha ciddi, maraqlı və hətta şok xarakterli faktların, hekayələrin şahidi olacaqlar. 

- Bildiyim qədər tənqidlər də az deyildi. Qıcıqlı reaksiya verənlərin əsas motivi nə idi? 

-Düzü, mən daim hərəkətdə və iş başında olduğum üçün o tənqidlərin, əsassız rəylərin, fikir formalaşdırmağa çalışanların hamısından xəbərdar ola bilmirdim. Bayaq da dediyim kimi, müsahibələri, reportajları hazırladıqca redaksiyaya yollamaq və davamlı hərəkət etmək, ölkə dəyişdirmək zorunda olduğum üçün o polemikaların hamısında iştirak etmək imkanın olmurdu. Bu tənqidlər ümumi reaksiyaların 10 faizini belə təşkil etmirdi, düzü. Amma bütün oxuculara – mövqeyindən, bizə qərəzli münasibətindən asılı olmayaraq hörmətimiz var deyə cavab da verə bilərəm. Demək, tənqidlərin əsas motivi nə idi? “Yeni Müsavat” niyə müsahiblərinin dili ilə Avropanı, mühacirəti pisləməyə çalışır? Birincisi, o reportajların, müsahibələrin heç birində müəllif olaraq “Avropa pisdir” deyə bir mövqe sərgiləməmişik. Müsahiblərim arasında Vətəndən ötrü çox darıxdığını, qürbətin onun üçün cəhənnəm əzabı olduğunu deyənlər olub. O adamlar bununla belə Avropadakı həyat şərtlərini, həyat tərzini də tərifləyiblər. Amma darıxırlar, Vətən onlar üçün şirindir, əzizdir, əvəzolunmazdır... Buna görə müsahibə verən şəxsi və ya müsahibəni götürən şəxsi qınamaq, hətta və hətta ittiham etmək nə dərəcədə doğrudur? Biz qəzet olaraq heç nəyi təbliğ etmirdik – nə mühacirəti, nə də Azərbaycanı. Adamlar danışırdı, danışanda “Azərbaycan” deyib, gözləri dolurdu, darıxırdılar... Yeri gəlmişkən, oxuduqlarımızdan bilirik ki, vətən həsrəti 1-ci mühacirət dalğasında Azərbaycandan gedən müsavatçı mühacirlərimizdə də əsas hisslərdən olub. Məhəmməd Əmin Rəsulzadə başqa olmaqla, kommunist rusların didərgin saldığı minlərlə soydaşımız Avropada, Türkiyədə Azərbaycan həsrəti ilə alışıb-yanıblar və elə bu həsrətlə də dünyadan köçüblər. Vətəni sevmək, onun həsrətini çəkmək, onun kiçik bir parçasını bütün Avropaya bədəl göstərmək indiki mühacirlərimizin də haqqıdır. Unutmamalıyıq ki, mühacirətdəki soydaşlarımızın bir xeylisi Azərbaycan uğrunda ruslara və ermənilərə qarşı mübarizə aparanlardır. Onlar vətənpərvərdirlər; ölkələrindən getsələr də, unuda bilməyənlərdəndirlər... Biz bunları yazmamalıydıq, müsahibdən “nə zamansa vətənə geri qayıtmaq istəyərsizmi” deyə soruşmamalıydıq?  Amma bununla yanaşı, “mən əsla Azərbaycana geri qayıtmaq istəmirəm”, “vətən cəhənnəmdir, qürbət cənnətdir” deyənlər də oldu və biz bunu da yazdıq. Amma nəyə görəsə qərəzli gözlər bunu “görmədi”, “oxumadı”.  

- Müsahiblərinin seçimini necə edirdin? Bəzi müsahiblərlə bağlı sosial şəbəkədə birmənalı mövqe yox idi... 

- Mən və qəzetimizin baş redaktoru Rauf Arifoğlu səfərdən öncə sosial şəbəkədə bu layihə ilə bağlı elanlar paylaşmışdıq. Yazı da yazılmışdı ki, müxbirimiz Avropa səfərinə çıxır, mühacirlərin həyatından yazacaq, kim görüşmək istəyirsə, müraciət etsin deyə. Səfərdə olduğum müddət ərzində mənim telefonum və facebook ünvanım isə daim aktiv olub. Mühacirlərimiz zəng ediblər, yazıblar, “bizimlə də görüşün, bizim də dərdimizi dinləyin” deyə. Mən orda mühacirləri “sorta böləsi”, “bu həqiqi təzyiq görüb, bu yalandan” deyə, hansındansa görüşdən imtina edəsi deyildim ki? Məqsədim mühacirətin hər üzünü, mühacirlərin hər növünü göstərmək, oxucuya təqdim etmək idi. Şərhsiz, müdafiəsiz... Sadəcə, onlar danışır, mənsə yazırdım. Nəticəni çıxarmaq isə oxucunun öhdəsinə düşürdü. 

- Bir də layihənin maddi tərəflərinə də toxunaq. Avropanı gəzmək, orda qalmaq və digər xərclər...

- Reportajlardan və müsahibələrdən hər şey görünür əslində, amma bir daha deyim. Redaksiya rəhbərliyi mənim ancaq gediş biletimi alıb. Həm də ən ucuz marşrut üzrə - Ukrayna hava yolları ilə. Doğrudur, ehtiyat üçün bəlli bir məbləğ də vermişdi ki, lazım olan məqamda ondan istifadə edim. Amma onun çox cüzi bir hissəsi xərcləndi. Səbəb isə oradakı keçmiş və hazırda da fəaliyyət göstərən əməkdaşlarımızın, mühacir müsavatçıların qayğısı, qonaqpərvərliyi ilə bağlı idi. Mən əsasən orda mühacir vətəndaşlarımızın evində qonaq oldum. Kamil Tağısoydan, Hacı Hacılıdan, Elxan Həsənlidən, Mirzə Sakitdən, Kənan Hacıəkbəroğlundan, Kamal Qasımovdan, Rahib Kazımlıdan, Eldəniz Yusibovdan tutmuş, Sərdar Ağayevə, Şahnaz Mətləbqızına, Natiq Ələsgərova qədər... Mən onların qonağı olmuşam, evlərində qalmışam, ailələri ilə tanış olmuşam, uşaqlarıyla ünsiyyət qurmaq imkanım olub. Layihənin mahiyyətinə uyğun olaraq isə - mühacirlərin necə həyat tərzi keçirdiyini gözümlə görmək üçün – bu müsafirlik lap yerinə düşürdü. Yemək xərclərindən isə heç danışmaq da istəmirəm. Çünki Azərbaycan qonaqpərvərliyi özünü hər yerdə göstərirdi. Heç kəs mənim restoranda, hansısa kafedə yemək yeməyimə müsaidə etmədi, evlərinə qonaq çağırdılar. Və bunu mənə jurnalist kimi yox, keçmiş iş yoldaşı, Bakıdan tanıdığım bir dost kimi etdilər. Odur ki, səfərin çox böyük paralar hesabına başa gəldiyini demək yumşaq ifadə etsəm, naşılıqdır.

- Avropanın bir neçə ölkəsində oldun. Sənə həsəd aparan, yerində olmaq istəyən həmkarların da var, yəqin...

- Olduqca çox işlədim. Necə tələbkar baş redaktorla işlədiyimi bilənlər bilir, nə dediyimi. Heç Bakıda bu qədər intensivliklə işləmirdim və yorulmurdum. Sürətli gəzirdim, ölkələri tez-tez dəyişirdim. O qədər yorulurdum ki, bəzən müsahibə alarkən ani olaraq yuxuladığımı fərq edirdim. Bir dəfə isə məni növbəti şəhərə aparmaq üçün gələn müsavatçılara dedim ki, mənə özümü bərpa üçün 1 saat zaman verə bilərsiz?  Bu da mümkün olmadı və mən yol gedərkən, maşında bir az yatıb, özümə gəldim. Getdiyim yerlərin əksəriyyətini isə, sadəcə maşın, ya da qatarların şüşələri arxasından görürdüm... Yəni bu baxımdan yerimdə olmağı hansısa həmkarıma qıymazdım.