“Biz illər öncə “Ukrainian Center”i yaradanda, cəmi bir məqsədimiz vardı, iki ölkə : Ukrayna – Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafına dəstək olmaq. Mərkəz Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğunun himayəsi altında yaradılıb. Ümummilli lider Heydər Əliyevin ölkələrarası münasibətlərə xüsusi önəm verməsi, xarici siyasət strategiyası, Azərbaycanın milli təhlükəsizliyini əsas götürərək dövlətlərarası, dostluq, qonşuluq münasibətlərini uğurlu qurması bu gün bizim üçün siyasi kursdur. Mən düşünmürəm ki, biz bu kursdan zərrə kənara çıxa bilərik, əksinə inkişaf etdirmək, daha geniş üfuqlərə hədəflənmək, hazırkı gənclik üçün prinsip məsələsinə çevrilməlidir. Bu ölkə hər birimizindir, inkişafı da, uğuru da bizim və övladlarımızın gələcək rifahi üçündür”.
Bu sözləri “Qafqazinfo”ya müsahibəsi zamanı Ukraynanın Azərbaycandakı Fəxri Konsulu, ictimai fəal, Mehrəli Qasımov deyib.
Konsulun sözlərinə görə, Mərkəzin ilk başda fəaliyyəti iki ölkə arasında mədəni, təhsil, (əsasən də təhsil) iqtisadi, strateji əlaqələri inkişaf etdirməyə yönəlmişdisə də, 2022-ci ilin fevral ayından başlayan müharibə məqsədlərini real hədəflərə çevirdi.
-Nə qədər işçi cəlb etmişdiniz bu prosesə ?
-Komandada 15 nəfər var idi, həm Ukraynanı yaxşı tanıyan bir neçə könüllü, həm təxliyə zamanı, qəfil müharibə şəraitinə düşən insanlara psixoloji dəstək vermək üçün 2 psixoloqumuz, Google.map üzərindən işləyən xüsusi texniki işçilərimiz və s. Təsəvvür edin, Bakıda oturub, telefon və internet vasitəsi ilə kommuinikasiya qurmaq, üstəlik böyük bir məsuliyyətin altına girərək, insan canı xilas etmək, ünvanların düzgün qeyd olunması, növbəti hədəfin hara olacağını bilmədən bu yükün altına girmək böyük bir komanda və ürək işi idi. Şükür alnımız ağ çıxdıq. Dövlətimiz sağ olsun. Burada xüsusi olaraq qardaş Türkiyə dövləti ilə də qarşılıqlı yardımlaşma məqamlarını qeyd etmək istəyirəm.
-Mehrəli bəy, nə qədər insan təxliyə olundu proses başlanandan ?
-Təxminən 13-15 min arası – burada həm ukraynalı vətəndaşlar, həm də Ukraynada yaşayan başqa millətə xas olan vətəndaşlar da vardı. Xatırladım ki, biz azərbaycanlıların təxliyəsi ilə başlamışdıq. Lakin gedişatda anladıq ki, həmin an xilas edə biləcəyimiz insanların kimlik vəsiqəsi önəmli olmamalıdır.
-Bildiyimiz qədər, hazırda Bakıda məskunlaşan ukraynalıların tez-tez ziyarət etdiyi yerdir “Ukrayna Mərkəzi”…
-Biz sosial layihələri dəstəkləyir və özümüz də uzunmüddətli layihələr edirik. Onlardan biri və demək olar ki, bizim üçün çox vacib olan “Ukrainian Center”də hər həftənin şənbə günü təşkil edilən “Mriya School”dur. Bu sistem təhsilini öz dilində davam etdirə bilməyən, ukraynalı uşaqlar üçün nəzərdə tutulub. Məqsədimiz budur ki, onlar öz ana dillərini, ədəbiyyat və sənət nümunələrini yadırğamasınlar. Əslində bu olduqca vacib və həssas məsələdir. Ulu öndər Heydər Əliyevin sözləri, mənim üçün hər görülən işdə mayak rolunu oynadığı üçün, düşünürəm təhsilə diqqət etməkdə də, həssas və innovativ olmalıyıq.
Ümumiyyətlə, dahi lider çox güclü söz sərrafı idi, həmçinin də uzaqgörən siyasət yürüdürdü… Bir millətin gələcəyidir təhsil, gələcəyə yatırım etmək istəyən təhsilə diqqət etsin. Dinindən, dilindən, irqindən asılı olmayaraq.
Bilirsiniz, müharibənin ağrılı-acılı tərəfləri əlbəttə ki, günahsız can itkiləridir, lakin daha dərin və qlobal təsiri millətin gələcəyinə olur. O mənada ki, tarix məhv olur, ədəbiyyat, yazı, dil… Bunlar məhv olur. Qorumaq lazımdır , bacardığımız qədər. Ukrayna yenidən qurulacaq. Ukrayna zəngin ölkədir.Yenilənəcək, ümumiyyətlə, sıfırlanan hər şey yenilənməyə məhkumdur, yenidənqurma prosesi həm sürətli, həm də innovativ davam edəcək.
İnvestisiya qoyuluşuna gəldikdə isə, hazırda bütün dünya iqtisadiyyatı çətin dövr yaşayır, həm məlum pandemiya, daha sonra Rusiya – Ukrayna müharibəsi qütblülük yaratdı, dünyada iqtisadi aktivlik aşağı düşdü. Zənnimcə, bu dönəm yavaş – yavaş öz axarına düşəcək. İlk öncə müəyyən etmək lazımdır ki, əsas hədəflər nədir? İnvestisiya qoyuluşuna, yaxud investor cəlbi üçün hansı sahədən başlamaq lazımdır.
-Sizcə, ilk təhsildən başlamaq lazımdır ?
-Burada məsələ, mənim nə düşünməyim yox, mənim düşüncəmin iqtisadi rifaha yönəlik olub - olmamasıdır. Mən, söhbətimizin əvvəlində qısa bir haşiyə etdim təhsillə bağlı, müharibədən öncə bizim Ukrayna – Azərbaycan arasında tənzimləməyə cəhd etdiyimiz prioritet mövzulardan biri , hətta birincisi Azərbaycandan Ukrayna Ali məktəblərində təhsil almağa üz tutan tələbələrimizlə bağlı idi. Biz vahid pəncərə sistemini tətbiq etməyə başladıq, imtahan və dil səviyyə sertifikatları tərtib etdik, təbii ki, burada bizə Ukrayna Təhsil və Elm Nazirliyinin dəstəyi əvəzsiz oldu. Həmçinin də, Azərbaycan Təhsil Nazirliyi ilə də danışıqlarımız oldu. Hər iki tərəf bu yanaşmamızı çox məqsədyönlü qarşıladı.
“Ukrainian Center” in nəzdində “Education Lab” linqvistik mərkəzi açmağı planlayırıq, və sahəyə adekvat investisiyalar qoya bilən investorları cəlb etmək istəyirik.
Qeyd edim ki, mərkəz həmçinin Avropa və Amerika Ali təhsil ocaqlarında təhsil almaq istəyən vətəndaşlar üçün xaricdə təhsil və karyera planlamasının ilk şərti olan dil bacarıqlarının inkişafı və sertifikatlaşdırılması ilə məşğul olacaqdır. İlk hədəfimiz təbii ki, təhsil sahəsində qarşılıqlı keyfiyyət standartlarına uyğun işlər görmək olacaq.
-Azərbaycanda yaşayan ukraynalıların işlə təmin və yaşam şərtləri necədir ?
-Müharibə başlayan andan Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalı vətəndaşların qeydiyyat məsələləri ilə bağlı xüsusi problemləri yoxdur, bildiyiniz kimi əvvəllər ASAN xidmət mərkəzlərinin qeydiyyata düşüb, daha sonra 3 aydan bir yenilənmə aparılmalı idi. Artıq bu qayda aradan qaldırılıb və qeydiyyat avtomatik yenilənir. Bu yaxınlarda Mərkəzimizdə Hüquqi, miqrasiya, təhsil iş və bir sıra sosial məsələlərlə bağlı sualların cavablandırılması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi, təşkilatın hüquqi kontraktorları və rəsmiləri ilə ukraynalı vətəndaşlar arasında görüş keçirdik.
Uyğun hüquqi yönləndirmələr və əlimizdə olan iş imkanları ilə müəyyən dəstək verməyə çalışırıq. Hazırki gündə, bu vətəndaşları yeganə narahat edən durum iş imkanları və onların dəyərləndirilməsidir. Bu istiqamətdə sosial layihələrimizdən biri, iş icazələrini artıq alan ukraynalı vətəndaşları, uyğun işlərə yönləndirməkdən ibarətdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və ya “DOST” mərkəzləri tərəfindən keçirilən aktiv məşğulluq tədbirlərində nümayəndələrimiz də iştirak edir.
Təbii ki, bütün bu proseslər müvəqqətidir, müharibə bitdikdən sonra hər kəs öz yurduna qayıdacaq. Bizim hədəflərimiz gələcəyə yönəlib, dəyərlərə hörmət çərçivəsində Ukraynanın inkişafı, Azərbaycan – Ukrayna münasibətində yeni inkişaf xətti, investisiya qoyuluşuna təşviq kampaniyaları.
Müasir dövr hər dəqiqə üçün yeni qayda tətbiq edir, bugün tətbiq olunan və müasir sayılan sərmayə yatırımı, sabah üçün artıq köhnə sayıla bilər. Ona görə də elə Azərbaycanın da sosial – iqtisadi inkişafına dair Milli prioritetlərini özümüzə hədəf götürmüşük.
Yaşasın Azərbaycan !
Yaşasın Ukrayna !
Yaşasın Ukrayna – Azərbaycan tərəfdaşlığı !